İtaliyanın və dünyanın ən məşhur moda evlərindən olan "Dolce & Gabbana"nın rəhbərliyi Almaniyanın "Philipp Plein International" brendini əməkdaşları tovlayaraq işə cəlb etməkdə suçlayıb.
Milli.Az bildirir ki, "Philipp Plein International" brendinin banisi və sahibi, modelyer Filipp Pleyn rəqib şirkətin məktubunu İnstagram profilində paylaşıb.
Məktubda bildirilir ki, "Philipp Plein International" brendinin menecerləri "Dolce & Gabbana"nın flaqman butikinin bir neçə əməkdaşı ilə əlaqə saxlayaraq onlara iş təklif ediblər.
"Azad ölkədə yaşayırıq və hər kəs işləmək istədiyi yeri özü seçə bilər", - Filipp Pleyn yazıb.
"Dolce & Gabbana" olayı hələlik şərh etməyib.
Filipp Pleyn alman dizaynerdir. Onun 1998-ci ildə yaratdığı "Philipp Plein International" brendinin hazırda dünyanın 60 ölkəsində, o cümlədən Azərbaycanda da nümayəndəliyi var.
Bu brendin stili "luxury" səviyyədəki rok-n-roll estetikasıdır.
İtaliyanın "Dolce & Gabbana" brendini 1985-ci ildə modelyerlər Domeniko Dolçe və Stefano Qabbana yaradıblar. Brendin ilk butiki 1986-cı ildə Milanda fəaliyyətə başlayıb. Brend geyim, aksessuar, parfümeriya və kosmetika istehsal edir.
"Philipp Plein International" və "Dolce & Gabbana"nın Bakıda da nümayəndəlikləri var. Brendlər arasında "qlamur savaş"ın Azərbaycandakı nümayəndəliklərə də təsir edəcəyi, burada əks-səda doğuracağı şübhəsizdir.
Milli.Az