Rekordlar kitabına düşən azərbaycanlı: "Onları göstərsəydik, tamaşaçı zalında heç kim qalmazdı" - FOTO

14 Dekabr 2016 21:20

Azərbaycanın tanınmış pəhləvanı, 4 qat dünya rekordçusu, Pəhləvanoğlu qardaşlarından biri - Laçın Pəhləvanoğlunun Milli.Az-a müsahibəsi.

- Laçın, bildiyim qədərilə sizin atanız da dövrünün tanınmış pəhləvanı olub. Atanızın istəyi ilə bu sahənin peşəkarı oldunuz, yoxsa öz istəyiniz idi?

- Biz qardaşımla atam Əli, əmim Qəmbər pəhləvanın davamçılarıyıq. Onlar da bizim kimi iki qardaş bu qədim sənəti dünyanın bir çox ölkələrində təmsil edərək, böyük uğurlar əldə ediblər. Elə buna görə də hər ikisi Dağıstanın xalq pəhləvanı adına layiq görülüblər. Biz uşaqlıqdan idmanla böyümüşük, atamızın, əmimizin nömrələri bizdə ruh yüksəkliyi yaradıb. Qardaşım Hüseyn Pəhləvanoğlu 13 yaşından respublika və rayon tədbirlərinə qatılmağa başladı. O da pəhləvanlıq sənətini öyrənib, professional səviyyədə xalqımıza nümayiş etdirə bildi. Atam 2010-cu ildə avtomobil qəzasında dünyasını dəyişdi. Bir ildən sonra qardaşım mənimlə məşğul olmağa başladı. İlk olaraq qeyri-adi istedad yarışı olan televiziya şousuna qatıldım. 2013-cü ildə mənimlə birgə yarışan pəhləvanların arasında münsiflərin sevimlisi və şounun birincisi oldum. Beləliklə uğurlarımız başladı və xarici ölkələrdən dəvətlər gəldi.

- Atanız bu sənətin hansı incəliklərini sizinlə bölüşürdü?

- Sözün düzü, atam istəmirdi ki, biz bu sənətin dərinliklərinə gedək. Amma gördü ki, bizdə bu daha yaxşı alınır, çünki damarımızda pəhləvan qanı axırdı. Biz bir çox idman növləri ilə məşğul olsaq da, nəticədə yenə öz peşəmizə gəldik. Çünki bu bizə irsən gələn sənətdir. Atam 1992-ci ilə kimi Dağıstan Filarmoniyasının rəhbəri kimi fəaliyyət göstərib. Xarici dövlətlərdə keçirilən güc yarışlarında da ölkəmizi layiqincə təmsil edib. Buna sübut olaraq arxiv müsahibələrində və xarici medianın qəzetlərində rast gəlmək olar. Hazırda onları mən bir sübut kimi özüm saxlamışam. 1992-ci ildə atam ölkəyə gəlir və istəyir ki, bu sənəti Azərbaycanda da inkişaf etdirsin. Öz adı ilə bağlı olan pəhləvan klubu açır və pulsuz fəaliyət göstərir. Həmin idman klubu indiyə qədər fəaliyyətdədir. Mən qardaşım Hüseyni ustad pəhləvan kimi görürəm. Ona Azərbaycanın xalq pəhləvanı desəm, daha haqlı səslənər. Çünki onun sayəsində bu gün ilk azərbaycanlı olaraq bizim və ölkəmizin adı "Dünya rekordlar kitabı"na yazılıb. Şükürlər olsun ki, atamızın istəyini reallaşdıra bilmişik, hər addımımızda onun ruhunu şad edirik.

- Sizin göstərdiyiniz tryuklar həddindən artıq təhlükəlidir. Risk etmək istəmədiyiniz nömrəniz olubmu?

- Bu gün insanların və bizi sevənlərin fikrini nəzərə alsaq, özümüz də pəhləvan gözüylə işimizə baxsaq, çox riskli nömrələr etdiyimizi görərik. Elə nömrələr də var ki, həyati təhlükəsi çoxdur. Həmin nömrələri tam ərsəyə gətirməmiş reallaşdırmırıq. Bir neçəsinin üstündə də hazırda çalışırıq. Bir müddət əvvəl pəhləvanlıq sənəti tam maraqdan düşmüşdü. Biz çalışdıq ki, daha riskli nömrələr göstərərək, dünya arenasına çıxaq. Bu gün ustad pəhləvanlarımızın bir çoxu da bu cəhətdən bizi çox dəyərləndirir. Müsənnif Ağabəy pəhləvanı və s. misal göstərə bilərəm.

- Ölümlə üz-üzə gəldiyiniz səhnəniz hansı olub?

- Novruz şənliyində qardaşım Hüseyn üzərindən 3 tonluq maşın keçirirdi. Maşın keçən zaman qardaşımın üstünə düzülmüş taxtalar sındı və maşın bir neçə saniyə üstündə qaldı. Bu vəziyyət bir neçə saniyə də təkrarlansa idi, çox pis fəsadlara gətirib çıxara bilərdi. Bu hadisə atamın da başına gəlmişdi və bir neçə qabırğası sınmışdı. Amma sonadək çıxışını davam etdirmişdi. Həmçinin mənim də başıma bu cür hadisə gəlib. Üzərimdən "Niva" markalı maşın keçəndə sürücü sürəti artırıb və mən təkərin altında bir neçə dəfə fırlanmışam. Özümü itirmiş olsaydım, ömürlük şikəst ola bilərdim.

- Azərbaycan efirlərində çox az hallarda görünürsüz. Amma xəbərim var ki, Ukraynanın bir neçə ən baxımlı telekanallarındakı verilişlərə dəvət almısız. Hansı nömrənizi görüb dəvət etmişdilər?

- Həddindən artıq çox ölkələrə dəvət alırıq. Amma elə verilişlər var ki, bizə heç uyğun gəlmir. Çünki biz ölkəmizin simvolu sayılan qədim sənəti təbliğ edirik. Ukraynada 3 çıxışımız oldu. İkisi TV şousu idi, biri də Kiyevin mərkəzində Dünya Rekordlar Federasiyasının bizim üçün təşkil etdiyi tədbir idi. Bizə orada xüsusi menecer ayrıldı ki, hazırlıqlarımızın yüksək səviyyədə təşkilinə kömək etsin. Elə səhnələr də nəzərdə tutmuşduq ki, onları da göstərsəydik, tamaşaçı zalında heç kim qalmazdı.

- Təəccübləndirə bildinizmi xarici auditoriyanı?

- Bəli, özü də çox. Onlar bizə sual verirdilər ki, sizin bədəninizdə dəmir, plastik bir şeylər varmı? Həqiqətən, Ukraynada, Gürcüstandakı çıxışlarımız bizdə böyük həvəs yaratdı. İnsanların bizə qarşı olan sevgisi daha da məsuliyyətli olmağımızı tələb etdi. Biz hər bir ölkədə təkcə öz adımızı yox, Azərbaycanın adını yazdırırıq.

- "Dünya rekordlar kitabı"na adınızı yazdıran yeganə azərbaycanlısız. "Ginnesin rekordlar kitabı"na bəs necə?

- Bəli, qardaşımla birlikdə "Dünya rekordlar kitabı"na hərəmiz 4 nömrəylə düşmüşük. Rekord mərhələdir və Ginnes son uğurdur. Rekordlar kitabına düşməyimizlə Ginnes bizi tanıdı və namizəd kimi qeydiyyata aldı.

- "Ginnes"ə düşməyə sizə nə mane olur?

- "Ginnes"ə düşməyə tək mane olan maddiyatdır. Çünki bu günə kimi əldə etdiyimiz uğurları tək başına öz hünərimizə əldə etmişik, əgər bizə dəstək olan olsaydı, dəvət olunduğumuz ölkələrdən qalmazdıq və o dəvətlərin sayəsində daha rahat "Ginnes"ə düşə bilərdik.

- Davamçılarınız varmı?

- Bəli, artıq babasının adını daşıyan Əli və qardaşı Emil Pəhləvanoğlu qardaşları bu sənətlə məşğuldurlar. Onlar qardaşım Hüseynin övladlarıdır. Artıq bir neçə uğurlu işləri də olub. Mənim 4 yaşında qız, 1 yaşında oğlan övladım var. Heç istəmərəm ki, qızımın bu sənətə həvəsi olsun. Çünki pəhləvan sənəti, öz düşüncəmə görə, kişiyə məxsus sənətdir. Balaca oğlum da mənim ata babam İbrahimin adını daşıyır. İndidən nə olacağı artıq hiss olunur. Mənim sənətdə əziyyətimi qardaşım Hüseyn çəkib, İbrahimin də əziyyətini qardaşım uşaqları Əli və Emilin öhdəsinə buraxıram. İnanıram ki, bu sənət bizdə nəsildən-nəslə keçdikcə daha da əhatələnəcək. Atam sağ ikən də deyib ki, pəhləvanın oğlu pəhləvan olar.

- Sizin sənətiniz güclü əsəb və streslə birlikdə müşayiət olunur. Psixoloji yoxlanışlardan keçirsiz?

- Həkimə işimiz düşmür, amma hər 2-3 aydan bir ümumi yoxlanışlardan keçirik. O qədər stress yaşayırıq ki, nəsə problem olacağından çəkinirik. Stress, əsəb nə qədər çox olsa, o qədər də uğurlu nömrələrimiz olur.

- Təhlükəli məqamlarda daha çox özünüzü düşünürsüz, yoxsa qardaşınızı?

- Çıxışlarımızda ən çox qardaşımdan nigaran qalıram. Hüseynin boğaz boşluğuna qarmağı keçirərək yüksək zərbə vurması və beli boğazına qoyaraq üstünə insan çıxarması məni həmişə narahat edib. Çünki onun həyati riski daha çoxdur. Etdiyimiz nömrələrin o qədər ağrısı var ki, o ağrını uğurlu nömrədən sonra unuduruq.

Əli Rəhimoğlu

Milli.Az