Haqq-Taala (c.c.) iki cahanı insan oğlu üçün, insan oğlunu da ancaq Onu tanımaq, Ona ibadət etmək üçün yaratmışdır. Bir hədisi-qüdsüdə Allah-Taala (c.c.) belə buyurmaqdadır:
- Mən gizli xəzinə idim, tanınmaq istədim və Məni tanısınlar deyə bu varlıqları yaratdım.
Demək, insanın yaradılış qayəsi məlumdur. İnsan Allah-Taalanı tanımaq, Ona ibadət etmək üçün yaradılmışdır. Qurani-Kərimdə də bu haqda belə buyurulmaqdadır:
"Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım".
Vəssalam, daha suala yer qalmır. İnsanın yaradılış qayəsi gün kimi aydındır. Kimsə "Neyçün bu cahana gəldim?" deyib özündən əcaib-qəraib şeylər uydurmasın.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Allah-Taalanı (c.c.) tanımaq ən böyük elmdir və insan ömrü boyu bu istiqamətdə çalışmalı, tər tökməlidir.
"Arif" sözü bilən, tanıyan deməkdir. "Mərifət" sözü tanıma, bilmə deməkdir.
Klassik İslam ədəbiyyatında bütün elmlərin məcmusu və zirvəsi "mərifətullah" adlanıb, yəni Allahı (c.c.) tanıma elmi. Həqiqətən də bizi əhatə edən bu aləm hər görüntüsü, hər cilvəsi ilə Onun varlığına və birliyinə şəhadət edir.
Deyildiyi kimi, Allahın (c.c.) tanınması əbədi sərvətdir, tükənməz səadətdir. Ancaq Allahı (c.c.) tanımaq insanın özünü tanımasından başlayır. Buyurulur ki, nəfsini bilən Rəbbini bilər. Bu sözdə əslində çox böyük hikmətlər var, yəni insan öz acizliyini bildikdən sonra həmin boşluqları doldurmaq üçün üz tutacağı mənbəni tanıyır. Biz insan olaraq acizik, ona görə də Sonsuz Qüdrət Sahibi olan Allaha (c.c.) əl açmalıyıq. Biz çox şeylərə möhtacıq, ona görə də bütün ehtiyacları ödəyən, hər yaradılmışın möhtac olduğu Saməd Allaha (c.c.) əl açmalıyıq. Biz böyüyürük, öyrənirik, ağlımız, duyğularımız, ruhumuz inkişaf edir. Ona görə də tərbiyə edən, yetişdirən, böyüdən də Rəbb Allaha (c.c.) borcluyuq. Biz acırıq, bədənimizin ruziyə ehtiyacı var, ona görə də yaratdıqlarının hamısının ruzisini verən Rəzzaq Allaha (c.c.) əl açmalıyıq. Ən adi bir problemdən fəsad çıxır, xəstələnirik, bizə sağlıq verən Şafi Allaha (c.c.) əl açmalıyıq. Örnəkləri uzatmaq olar, yəni biz öz zəifliyimizdən çıxış edərək Allah-Təalanı (c.c.) görməyə çalışmalıyıq. Bizi əhatə edən dünya Allah-Təalanın (c.c.) bir başqa kitabıdır, kainat kitabıdır. Ağacın bitişində, suyun axışında, Günəşin dünyanı isitməsində, qışda qarın yağmasında, yazda çiçəklərin açmasında.., hər şeydə O var. Bütün bu kainat Onun əsəridir, Onu tanımaq, görmək, bilmək insanlığın borcudur.
***
Allahı sevə bilmək bəndənin ən böyük xoşbəxtliyidir. Əslində bir bəndənin Allah-Taalanı sevə bilməsi Allah-Taalanın o bəndəsinə ən böyük lütfüdür, mərhəmətidir. Sevmək üçün tanımaq gərəkdir, tanımaq üçünsə öyrənmək, axtarmaq, araşdırmaq. Allah-Taalanın bizə ən gözəl şəkildə elə Allah-Taalanın Özü tanıdır. Qurani-Kərimin yüzlərlə ayəsində Allah-Taala Özünü bəndələrinə təqdim edir. Allah-Taalanı fiziki baxımdan təsəvvür etmək mümkün deyil, insana belə bir qabiliyyət verilməyib, dünya gözü ilə Onu görmək də mümkün deyil, Onun mübarək camalını görmək müsəlman üçün ən böyük səadətdir və cənnətdə Allaha ən yaxın bəndələr bu səadətə qovuşacaqlar. Yunus Əmrə bu haqda belə deyir:
Cənnət, cənnət dedikləri,
Bir kaç huri, bir kaç mələk,
İstəyənə ver onları,
Mənə Səni gərək, Səni.
Biz növbəti yazılarımızda Qurani-Kərimdə Allah-Taalanı (c.c.) bizə tanıdan ayələrdən bəhs edəcəyik. İndi isə bizi Yaradan O Sonsuz Mərhəmət Sahibini (c.c.) Peyğəmbərimizin (s.ə.s.) bir təqdimatı ilə nişan vermək istəyirik:
Savaş yenicə başa çatmışdı. Meydan ölülərlə, yaralılarla dolu idi. Birdən başı, saçı dağınıq bir ana Rəsulullahın (s.ə.s.) və səhabələrin diqqətini çəkir. Qadın dəli kimi fəryad edərək ora-bura qaçır, itirdiyi övladını axtarırdı. Bu mənzərə Rəsulullahı (s.ə.s.) və yanındakı səhabələri çox duyğulandırır. Az sonra onlar yenidən həmin ananı görürlər, ana övladını tapmış, bağrına basaraq duz kimi yalayırdı. Allah Rəsulu (s.ə.s.) bu mənzərəni səhabələrə göstərərək deyir:
- Bu ana öz övladını oda atarmı?
Hər kəs bir ağızdan:
- Əsla atmaz, ya Rəsulullah!
Rəsulullah sözünə davam edir:
- Elə isə əmin olun ki, o ana öz övladını nə qədər çox istəyirsə, Allah-Taala da öz bəndələrini ondan daha çox sevir.
Buyurun, nə qədər möhtəşəm bir təqdimat, nə qədər böyük bir sevgi!
Başqa bir söhbəti diqqətinizə çatdıraq. Xatırladaq ki, bu söhbətin nə qədər dəqiq mənbələrdən alındığını söyləyə bilməsək də, kifayət qədər təsirli olduğunu düşünürük.
Bir gün İbrahim Peyğəmbər (ə.s.) Allah-Taalaya (c.c.) müraciət edir:
- Ey Uca Rəbbim! Sənin hikmətindən sual edilməz. Sən adilsən, gözəlsən. Nə əmr edirsənsə, hikmətini bilərək buyurursan. Amma mənim də hikmətini bilmək istədiyim bir şey var: Sən hər peyğəmbərini müxtəlif imtahanlara çəkdin. Kimini malı ilə, kimini canı ilə, kimini vətənindən çıxararaq, kimini də övladı ilə, ailəsi ilə. Bilmək istəyirəm ki, niyə mənim imtahanım övladımın başına bıçaq çəkməklə oldu, ey Rəbbim? Nə idi bunun hikməti? Ciyərim yandı axı.
Allah-Taaladan nida gəlir:
- Ey İbrahim! Xatırlayırsanmı, sən Mənim filan bəndəmi günah işləyərkən görmüşdün və o saat da əl açaraq Mənə belə dua etmişdin: "Ey Allahım, bu günahkarı qəhr elə, ona qarşı Qəhhar sifətinlə davran". Xatırlayırsanmı?
- Xatırlayıram, ey Uca Rəbbim.
- Ey İbrahim, bəs sən bilirsənmi ki, sən Mənim o günahkar bəndəm haqqında o cür bəddua edəndə Mənim ciyərim necə yandı?
Bu söhbətlərdə hər hansı ifadə, üslub xətamız oldusa, Allaha sığınırıq, Ondan mərhəmət diləyirik.
Milli.Az