Dünyada ən çox silah satan 10 şirkət

10 Dekabr 2016 22:10

Dünya silah sənayesinin 2015-ci il hesabatı açıqlanıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hesabatda ən çox silah satan 10 şirkətdən 8-nin ABŞ-a aid olduğu qeyd olunub. Hesabat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) qlobal silah və hərbi xidmət sənayesinin 2015-ci il məlumatlarına əsaslanaraq hazırlanıb.
Araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə silah və hərbi xidmət təqdim edən şirkətlərin dövriyyəsi 370,7 milyard dollar olub (Çin istisna olmaqla). Son 5 ildir azalma müşahidə edən institut, hesabatında 0,6% azalmanın qarşıdakı illərdə yenidən artıma işarə olduğunu qeyd edib.
Gəlirləri əvvəlki illə müqayisədə 2,9% azalsa da, ABŞ şirkətləri siyahının ilk səkkiz pilləsində yerini qoruyub. ABŞ şirkətlərin silah satışından əldə etdiyi ümumi məbləğ 2015-ci ildə 209,7 milyard dollar olub. Siyahının ilk pilləsində bu il də "Lockheed Martin" şirkəti gəlir. 126 min əməkdaşı olan şirkət, keçən il 3 milyard 605 milyon dollar qazanc əldə edib.
Hesabata əsasən, Qərbi Avropa ölkələrindəki silah şirkətlərinin satışları bu il 6,6% artıb. Bu şirkətlərin ümumi gəliri 95,7 milyard dollar olaraq hesablanıb. Bu ölkələrin başında isə Fransa gəlir.
İlk 100-də adı keçən Almaniya firmaları da keçən il satışlarını 7,4% artırıb. İngilis firmalarının silah satışlarındakı artımı isə 2,8% olaraq təyin olunub.

Milli.Az