Əmim oğlu təzə gəlmişdi Bakıya, gəzirdik. Fikir verdim ki, piyada keçidində addımlarını ləngidir, bilərəkdən yavaşıdır.
Çox talesiz övladdır, hansı işə əl atsa, türk demiş, üz-gözünə bulaşdırır, evi ziyana salır, onun ucbatından atası neçə dəfə kredit götürüb. Etibarını itirib. Otuz yaşı var, bu vaxta qədər sevgilisi olmayıb, kənddə də pis ad çıxarıb. Məclislərdə sözünü kəsirlər, evdə kələyini.
...Fikir verdim ki, piyada keçidində addımlarını ləngidir, bilərəkdən yavaşıdır...
Dedi ki, mənə heç vaxt qulaq asmayıblar, həmişə əziblər məni. Zolaqdan keçəndə maşınlar saxlayır, ləzzət alıram. Qəsdən yavaş-yavaş keçirəm.
Qəfil yadıma düşdü: fikir vermisizsə, saytlardakı, qəzetlərdəki müsahibələrin içində müsahibin cavabının əvvəlində, ya da sonunda "gülür" yazılır. Lazımsız şeydir. Çox gülürəm ona.
Dünən bir kafedə çay içirdik dostlarla. Ofisiant o qədər gözəl qız idi ki, utandım deyəm külqabı gətir, külü ovcuma yığdım. Demək istədim, amma bilmədim necə deyim.
Elə bu vaxt arxadakı stoldan kimsə dedi: "Ay qız, kartof nooldu?"
Az sonra o yandan biri də dilləndi:
- Bir saatdır külqabı gözləyirəm e, cibimə yığım külü?
Elə bu vaxt əmim oğlu düşdü yadıma, bir siqaret yandırıb xatirələrə baş vurdum. Əmioğlu deyirdi ki, heç vaxt qulaq asmayıblar mənə, həmişə əziblər məni. Zolaqdan keçəndə maşınlar saxlayır, ləzzət alıram. Qəsdən yavaş-yavaş keçirəm.
Bizim rahatlıqla "sən" dediyimiz, əmr-buyruq verdiyimiz insanlar var. Daha doğrusu, insan növləri, onlardan bir qrupu da ofisiantlardır.
"JEK"dən ( Mənzil Kommunal İstismar Sahəsi) arayış ala bilməyən, evdə arvadından çay istəyə bilməyən adamlar görmüşəm, ofisiantın üstünə çox ürəkli çəmkirir.
Sosial şəbəkədəki hesabını sevgilisiylə şərik işlədən adamlar görmüşəm, ofisiantı bir yığın adamın içində həvəslə, eşqlə alçaldır.
Əriylə xəyanət yarışına girən qadınlar görmüşəm, bütün hikkəsini ofisiantın başında çatladır.
Yenə əmioğlunu xatırlayıram.
Məğlub insanın öz eqosunu yemlədiyi məqamdır bu.
Bir ömür əzilən insanın rahatca "sən" dediyi, əmr-buyruq verdiyi insandır ofisiant.
Uduzmuş adamın qələbə keyfi!
Yazıq ofisiant...
Zəruri qeyd:
Amma bu o demək deyil ki, ofisiant həmişə haqlıdır. Gələn yazıda barrikadanın o tayına adlayıb ofisiantlardan da deyəcəm.
Bu yazıda onların xətrinə dəyməyək...
Növbəti yazıdan fraqmentlər:
- Yaxşı olardı ki, sahibkarlar kastinq yoluyla seçsinlər işçiləri;
- Müəyyən normativləri keçənlər işə qəbul edilsinlər;
- Adi mədəniyyət etiketlərindən tutmuş psixoloji vəziyyətə qədər;
- Bilmirəm, ofisiantlar üçün xüsusi təlim mərkəzləri var ölkədə, ya yox, yoxdursa, təşkil edilsə, əla olar;
- Ofisiant mütləq psixoloji hazırlıqlı olmalıdır;
- Tər qoxusu, süfrə mədəniyyəti, servis, müştərilərlə rəftar, səliqəli geyim - bu problemlər xüsusi təlimlər vasitəsilə aradan qaldırılmalı, sonra kastinq elan edilməli və sahibkarlar xidmətlərə uyğun ofisiantləri işə götürməli;
- Müqavilə məsələsi, sığorta - əl-əlbət, ofisiantların çoxunun müqaviləsi, sığortası yoxdur;
Əmim oğlunu xatırlayıram...
Məğlubiyyət!
Əzilmə!
Amma, ancaq və lakin gəlin işçi təbəqəsinə, "üçüncü növ insan" tiplərinə yuxarıdan-aşağı baxmayaq, onları özümüzdən ayırmayaq, külqabımızı dəyişdirən, rahatca "sən" dediyimiz bu insanları sevək. Müraciətlərimizə, rəftarımıza çəki-düzən verək.
Empatiya!
Bu sözü mən də google-dən öyrəndim, deyim, biləsiz ki, empatiya özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığıdır.
Birdən yadıma düşdü: çox yerlərdə təzə hoqqa çıxarıblar: oturursan, çay sifariş verirsən; adi çay, adambalası çayı, qara çay. Ofisiant başlayır saymağa: mürəbbə, şokolad, ləbləbi... Çay e, çay, adambalası çayı, bu vurhavurda mürəbbəmi yemək olar, a öyün tikilsin?! Bir stəkan adi qara çay ver, zəhərlənək, gedək. Qayıdır ki, bəy, bizdə adi çay olmur. Bu nə əxlaq, bu nə mədəniyyət? Ləbləbi, yox bir, can əti.
Əmioğlunu düşünürəm.
Dedi ki, mənə heç vaxt qulaq asmayıblar, həmişə əziblər məni. Zolaqdan keçəndə maşınlar saxlayır, ləzzət alıram.
Ömər Xəyyam
Milli.Az