ABŞ Ali Məhkəməsi "Apple" və "Samsung" arasında smartfonların dizaynı ilə bağlı uzun müddətdir davam edən patent mübahisəsinə dair qərar çıxarıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə "Samsung"u öz rəqibinə 399 milyon dollar təzminat ödəməyə məhkum edən apellyasiya instansiyasının qərarını ləğv edib. Apellyasiya məhkəməsi "Samsung"un öz "Galaxy" smartfonlarında "iPhone"un dizayn elementlərindən istifadə etdiyi qənaətinə gələrək Cənubi Koreya şirkətinə cərimə kəsmişdi. Ali Məhkəmə isə işə yenidən baxılması üçün materialları Vaşinqton federal dairəsi üzrə Apellyasiya Məhkəməsinə göndərib. "Samsung"un nə qədər cərimə ödəməli olduğunu bu instansiya müəyyənləşdirəcək.
Qərara baxmayaraq, "Apple" təmsilçisi Coş Rozenstok deyib ki, şirkət öz nikbinliyini qoruyur və inanır ki, aşağı məhkəmə dizaynın oğurlanmasının yaxşı hal olmadığı haqda yenidən ciddi siqnal göndərəcək. "Samsung"dan isə bildiriblər ki, məhkəmənin qərarı şirkətin və bazarda yaradıcılıq, innovasiyalar, ədalətli rəqabət prinsiplərini tətbiq edən hər kəsin qələbəsidir.
Qeyd edək ki, iki rəqib korporasiya arasında patent mübahisəsi 2011-ci ildən başlayıb. Əvvəlcə məhkəmə "Apple"ın tələbini qəbul edərək "Samsung"u 930 milyon dollar təzminat ödəməyə məhkum edib. Lakin ötən ilin mayında "Samsung" işə yenidən baxılmasına nail olub, nəticədə cərimə məbləği 548 milyona salınıb. Cənubi Koreya şirkəti bu məbləği "Apple"a ödəyib, eyni zamanda Ali Məhkəmədə iddia qaldıraraq bildirib ki, ödənən məbləğin 399 milyon dollarlıq hissəsi smartfonların dairəvi küncləri, eləcə də ikonların çərçivə və yeri barədə patentlərin pozulmasına görə müəyyənləşdirilib, bu isə həddən artıq çoxdur, çünki qeyd olunan detallar son məhsulun vəziyyətinə az təsir edir. Nəticədə Ali Məhkəmə "Samsung"un arqumentini haqlı sayıb.
Milli.Az