Hamam otağında su sobaları quraşdırarkən diqqətli olun!

22 May 2011 19:13
Hələ Sovet İttifaqı dövründə Azərbaycanda demək olar ki, bütün çoxmərtəbəli binalar və fərdi yaşayış evləri günün müəyyən vaxtlarında mərkəziləşdirilmiş qaydada isti su ilə təmin olunurdu. Lakin müstəqillik əldə olunduqdan sonra məlum səbəblərdən bu sistem tamamilə sıradan çıxdı. Və əhali məcburi qaydada hamamlarda həm standartlara uyğun, həm də qeyri-standart müxtəlif su qızdırıcıları quraşdırmağa başladı. Bu isə evlərin isti su ilə təmin edilməsi ilə yanaşı, hər il qaz sızması nəticəsində baş verən partlayışların artmasına gətirib çıxardı.

Uzağa getməyək, elə təkcə ötən il və cari ilin ilk rübündə bu qəbildən baş verən partlayışlar və insan tələfatına diqqət yetirək. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2010-ci il ərzində fərdi yaşayış evləri, çoxmənzilli və digər yaşayış binalarında baş verən 20 partlayış hadisəsi nəticəsində 5 nəfər dünyasını dəyişib, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2011-ci ilin hələ təkcə birinci rübü ərzində isə 11 partlayış hadisəsi qeydə alınıb ki, bu da 1 nəfərin ölümü və daha 10 nəfərin yaralanması ilə nəticələnib.

Baş verən bu bədbəxt hadisələrin qarşısını almaq üçün hansı şərtlərə əməl etmək lazımdır və ya hansı avadanlıqlardan istifadə mənzil sakinlərinin təhlükəsizliyini təmin edə bilər. Ümumiyyətlə itkidən qaçmaq və ya təhlükəsizliyə riayət etmək üçün bu gün hansı işlər görülür və bu avadanlıqlara nəzarət nə yerdədir?

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında bildirib ki, may ayının 12-dək qüvvədə olan qanuna görə ildə bir dəfədən az olmayaraq, may ayının 12-də Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə isə ildə 2 dəfədən az olmayaraq bütün təbii qazdan istifadə olunan mənzillərdə qaz təsərrüfatına texniki baxış və profilaktik qulluq həyata keçirilir. Onun sözlərinə görə, texniki baxış zamanı mənzillərdə istifdə olunan cihazların qüvvədə olan normativ standart və tələblərə, sertifikata uyğun olub-olmadığı yoxlanılır.

"Texniki baxış zamanı mənzillərdə istifadə olunan cihazların qüvvədə olan normativ standart və tələblərə, sertifikata uyğun olub-olmadığı yoxlanılır və sertifikata uyğun olmayan, qeyri-standart cihazların istifadəsi dayandırılır. Yaxud sahibkara və ya mənzil istifadəçisinə onlardan istifadənin qısa müddət ərzində dayandırılması təklif olunur. Qısa müddətdən sonra təkrar yoxlama zamanı sözügedən avadanlıq istifadədən çıxardılmayıbsa, bizim tərəfimizdən onun istismarı məcburi qaydada dayandırılır", - deyə T. Kazımov əlavə edib.

Qeyd edək ki, ümumiyyətlə məişətdə istifadə üçün nəzərdə tutulan qazla işləyən su qızdırıcıları təyinatına görə iki cür olur: tutumlu və düz axımlı. Düz axımlı su qızdırıcıları qənaətcil hesab olunur. Yəni onlardan yalnız istifadə olunan zaman qaz sərf edilir. Lakin tutumlu su qızdırıcıları adətən uzunmüddətli istifadə olunur və qeyri-səmərəli istifadə nəticəsində artıq su və qaz itkisinə gətirib çıxarır. Azərbayan Respublikası ərazisində istifadə olunan bütün su qızdırıcıları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılmalı, onların ölkəyə gətirilməsinə və burada istifadəsinə lisenziya verilməlidir.

T. Kazımovun sözlərinə görə, sertifikatı və lisenziyası olmayan və Ticarət Palatasında həmin məmulat kimi qeydiyyata alınmayan su qızdırıcıları qeyri-standart hesab olnur.

"Bunlar əsasən həyətlərdə və qaynaq sexlərində kustar üsulla hazırlanan tutumlu su qızdırıcılarıdır. Və yaxud da xarici dövlətdən idxal olunan, zavod və ya fabrik üsulunda hazırlanmasına baxmayaraq sertifikat və ölkə ərazisində satılması üçün lisenziya almayan su qızdırıcıları və sobalar da qeyri-standart sayılır. İritutumlu su qızdırıcılarının çoxmərtəbəli yaşayış binalarında quraşdırılmasına isə ümumiyyətlə icazə verilmir", - deyə o bildirib.

O həmçinin bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi təsərrüfat hesablı təşkilat olduğundan qeyri-qanuni cihazdan istifadəyə görə cərimə tətbiq etmək hüququna malik deyil. "Bizdə cərimə yalnız təbii qaz talandığı və ya ondan oğurluq yolla istifadə edildiyi zaman, yəni qaz sərfiyyatı qeydə alınmadığı zaman tətbiq olunur. Ancaq avadanlıqların qeyri-standart olmasına görə cərimə yoxdur, sadəcə onun istismarı dayandırılır", - deyə T.Kazımov məsələyə aydınlıq gətirib.

Fərdi yaşayış evləri və çoxmənzilli binalarda baş verən bədbəxt hadisələr bəzən cihazın qeyri-standart olması deyil, məhz standart avadanlığın səriştəsiz usta və ya ev sahibinin özü tərəfindən düzgün quraşdırılmaması səbəbindən də baş verir.

Bu və ya digər xidmətlər üçün respublikanın bütün inzibati rayonlarında qaz istismarı sahələrinin mövcud olduğunu bildirən İB əməkdaşı həmin sahələrin tərkibində əraziyə görə mənzillərdə təbii qazdan istifadə edən cihazlara nəzarət və qulluq xidmətlərinin olduğunu qeyd edib.

"Hər bir vətəndaş həmin xidmətlərə müraciət edərək ordan mütəxəssis çağıra, mütəxəssis isə öz növbəsində cihazın quraşdırılma qaydasına, sertifikatlı və ya standart olub-olmamasına baxıb rəy verə bilər. Bütün bu xidmətlər ödənişsizdir. Bu xidmət vətəndaşların müraciətinə əsasən həyata keçirilir. Və buna birbaşa Qaz Təsərrüfatının İstismarı Şöbəsi nəzarət edir", - deyə T.Kazımov vurğulayıb.

Ölkəyə gətirilən su qızdırıcıları və sobaların hansının standart, hansının isə qeyri-standart olub-olmadığını müəyyənləşdirmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) müraciət etdik.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hər bir idxal məhsulunun istehsal olduğunu ölkəyə məxsus sənədləri olmalıdır. "İlk növbədə istehsal olunan ölkənin uyğunluq sertifikatı, pasportu və təlimatları olmalıdır. Su qızdırıcısının təhlükəsizlyini sübuta yetirən laboratoriya protokolu olmalıdır. Bu gün Azərbaycanda Fövqəladə Hallar Nazirliyi tərkibində texniki cihazların laboratoriyası var. Həmin laboratoriyada ölkəyə gətirilən avadanlıq sınaqdan keçirilir və su qızdırıcısının protokolda göstərildiyi kimi nə dərəcədə standarta uyğun olub-olmadığı yoxlanılır. Və bundan sonra həmin məmulatın Azərbaycan ərazisinə idxal olunması və ölkə ərazisində satılmasına dair sertifikat vermək olar", - deyə Fazil Talıbov qeyd edib.

O bildirib ki, bu gün su qızdırıcıları Azərbaycana əsasən Avropa ölkələri - İtaliya, Yunanıstan, Almaniya, həmçinin Cənubi Koreya və Türkiyədən idxal olunur.

"Və biz çalışırıq ki, təhlükəli olanları mütəmadi olaraq bazarlardan çıxaraq. Bunun üçün dövlət nəzarəti idarələri fəaliyyətdədir", - deyə Fazil Talıbov vurğulayıb.

Aydın məsələdir ki, su qızdırıcılarının hər bir evdə olması vacibdir. Lakin gəlin öz istiliyimizi təmin edən zaman ailə üzvlərimiz və ətrafımızdakıların həyatını təhlükəyə atmayaq. Yəni ən azından bu avadanlıqları hamamlarda quraşdıran zaman peşəkar mütəxəssislərə müraciət edək ki, sonradan bədbəxtçiliklə üzləşməyək.

Milli.Az