Akademik II Fəxri Xiyabanda dəfn edildi - YENİLƏNİB

2 Dekabr 2016 17:59

17:59

Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov II Fəxri Xiyabanda dəfn edilib.

Milli.Az bildirir ki, bu barədə teleqraf.com-a mərhuma yaxın şəxslər məlumat verib.

Qeyd edək ki, öncə akademiklə vida mərasiminin saat 14.00-da Bakıdakı "Heydər" məscidində olacağı bildirilirdi. Sözügedən ünvanda olan əməkdaşımız burada vida mərasimin keçirilmədiyini bildirib. 

Bununla belə, "Heydər" məscidində mərasim zallarından biri Nizami Süleymanovun yas mərasiminə qatılanlar üçün hazırlanıb. Bəs akademik Nizami Süleymanovla vida mərasimi harada keçirilib? Bu sualla bağlı Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə müraqciət etdik. 

Şöbədən bildirildi ki, bu barədə onlarda hər hansı məlumat yoxdur: "Nömrənizi qoyun, məlumat olsa, sizinlə əlaqə saxlayarıq". 

Nizami Süleymanov 25 oktyabr 1945-ci ildə anadan olub. 202 elmi əsərin müəllifidir. İki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) olub. AMEA-nın müxbir üzvü idi.

----------

11:26

Milli Elmlər Akademiyası akademik Nizami Süleymanovun vəfati ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo" xəbər verir ki, açıqlamada bildirilir ki, Azərbaycan elminə ağır itki üz verib. Belə ki, 
Azərbaycanda texnika elmləri sahəsində mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov dekabrın 2-də 71 yaşında vəfat edib.

N.Süleymanov 1945-ci il noyabrın 25-də Əlibayramlı rayonunun Rəncbər kəndində anadan olmuşdur. O, Azərbaycan Politexnik İnstitutunu bitirib. Alim ilk dəfə olaraq standart volframlı poladları tamamilə əvəz edə bilən, yeni volframsız alət poladları işləyib hazırlamış və bu elmi yeniliklər istehsalata tətbiq edilib. Standart və yeni tip poladlarda legirlənmə və mikrolegirlənmə sisteminin işlənməsi nəticəsində onların tərkibində yüksək dispersliliyə malik olan struktur almağa imkan verən yeni termiki emal texnologiyası işlənib hazırlanıb.
N.Süleymanov "İstiliyə dözümlü və konstruksiya poladlarının yeni üsullarla möhkəmləndirilməsinin tədqiqi və işlənib hazırlanması" mövzusunda namizədlik, "Alətlərin yüksək davamlılığını təmin edən yeni qənaətlə legirləşmiş volframsız alət poladlarının və onların effektiv üsullarla möhkəmləndirilməsi üsullarının işlənib hazırlanması və maşınqayırmada tətbiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1989-cu ildə maşınqayırma ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Alim 300-dən çox elmi və publisistik əsərin, o cümlədən 61 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun elmi əsərlərinin 252‐si xaricdə çap olunub.

Gənc kadrların hazırlanması işinə də böyük diqqət yetirən N.Süleymanovun rəhbərliyi ilə 16 fəlsəfə doktoru, 6 elmlər doktoru müdafiə edib".

----------

09:23

Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, akademik Nizami Süleymanov vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, akademiklə vida mərasimi bu gün Heydər məscidində olacaq.

Milli.Az