Rusiya XİN rəhbərinin müavini: "Qarabağ nizamlanmasında təsirli tədbirlərə dəstək veriləcək" - YENİLƏNİB

1 Dekabr 2016 19:50

19:50

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirilməsi məqsədilə Bakıda səfərdə olan Rusiya dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın hazırkı səviyyəsindən, fəal siyasi dialoqun mövcudluğundan məmnunluq ifadə olunub və gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X. Xələfov qeyd edib ki, iki ölkə arasında münasibətlər dövlət başçılarının müəyyən etdiyi kurs əsasında uğurla davam etdirilir və prezidentlərin şəxsi dostluğuna, qarşılıqlı inam və etimada əsaslanır. O, Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını bildirib və yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli və regional formatda görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Q.Karasin bildirib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir və rəsmilər arasında mütəmadi təmaslar gündəlikdə olan məsələlərin həllinə töhfə verir. O, gələn il Moskvada Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd ediləcəyini və bu xüsusda nazir Elmar Məmmədyarovun Rusiyalı həmkarı tərəfindən bu ölkəyə səfərə dəvət edildiyini bildirib. Karasin həmçinin BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamənin qəbulunda verdiyi dəstəyə və həmmüəllif kimi qoşulmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər Azərbaycan və Rusiya arasında hökumətlərarası komissiyanın işini və hər iki ölkənin parlamenti arasında qurulmuş əməkdaşlığı təqdir ediblər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın fəaliyyəti, habelə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi və mövqelərin uzlaşdırılması istiqamətində məqsədyönlü işin aparılmasının zəruriliyini vurğulayıblar.

X.Xələfov iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar, təhsil, turizm, kənd təsərrüfatı, miqrasiya, ümumilikdə, bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini və Rusiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. O, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, terrorizmə qarşı mübarizədə uğurlara imza atıldığını, birgə iqtisadi və nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətinə, Rusiya şirkətlərinin Azərbaycanda neft-qaz layihələrində iştirakına və SOCAR-ın fəaliyyətinə toxunub. X. Xələfov təhsil sahəsində əldə olunan uğurlardan, rus dilinin Azərbaycandakı vəziyyəti, Rusiya universitetlərinin filiallarının ölkəmizdəki səmərəli fəaliyyəti, Bakı Slavyan universitetinin geniş imkanlarından söz açdı, on minlərlə Azərbaycanlı tələbənin Rusiyanın müxtəlif universitetlərində təhsil aldığını qeyd edib.

X. Xələfov iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün gömrük sərhəd-keçid məntəqələrinin texniki imkanlarının artırılmasının vacibliyinə diqqəti çəkib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin işə düşməsindən sonra region ölkələri arasında yükdaşımaların dəfələrlə artacağına inamını ifadə edib.

Q. Karasin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və münaqişənin həllində təsirli tədbirlərin görülməsi üçün dəstəyin göstəriləcəyini bildirib. O, eyni zamanda regional təhlükəsizlik məsələlərinin yüksək səviyyəli qarşılıqlı etimada əsaslandığına israr edib. 

Bununla yanaşı, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

----------

17:55

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıda Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məsləhətləşmələr nazir müavininin işgüzar səfəri çərçivəsində baş tutub.

Q.Karasin azərbaycanlı həmkarı Xələf Xələfovla danışıqlar aparıb. Bundan başqa o, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.

Danışıqlar zamanı ikitərəfli və beynəlxalq münasibətlərin aktual məsələləri müzakirə olunub.

Milli.Az