Bakı əhalisi gün ərzində neçə siqaret çəkir?

1 Dekabr 2016 17:00

"ACT Azərbaycan" 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində daha bir sorğu keçirib.

Milli.Az xəbər verir ki, sorğunun nəticələri siqaretin qiymətinin artımasının Bakı şəhər əhalisinin neçə faizinə təsir etdiyini göstərir.

Apardığımız sorğu nəticəsində bəlli oldu ki, respondentlərin beşdə biri (21%) siqaret istifadəçisidir. Onların yarıdan çoxu (61%) 10 ildən artıqdır ki, bu vərdişin aludəçisidir. Maraqlısı odur ki, son bir ildə siqaretin qiymətinin artması ilə paralel olaraq siqaret çəkənlərin sayı da artıb (5%).

Respondentlərin böyük əksəriyyəti gün ərzində siqaret qutusunun yarısından çoxunu istifadə edir. Belə ki, gündəlik 7 və daha çox siqaret çəkənlər sorğuda 82 % səs toplayıblar. 18 % respondent üçün 1-6 siqaret gündəlik normadır.

Azərbaycan cəmiyyətində qadınların siqaret çəkməsi birmənalı qarşılanmır. Buna baxmayaraq sorğu nəticəsində qadın respondentlərin 1%-i siqaret çəkdiklərini etiraf ediblər. Bunu nəzərə alaraq respondentlərdən zərif cinsin siqaret çəkməsinə münasibətlərini öyrəndik. Məlum oldu ki, bu pis vərdişi qadına yaraşdırmayanların böyük əksəriyyəti elə qadınların özləridir. Bu məsələdə həmcinslərini qınıyan qadınlar 78%-dir. Siqaret tüstüsünü qadına yaraşdırmayan kişilər də az deyil. Belə ki, hər 10 kişidən 6-sı qadınların siqaret çəkməsinə qarşıdır (66%). Qadın və siqaret mövzusuna birmənalı yanaşmayanlar, əsasən, orta nəslin nümayəndələridir (45-54 yaş arası). Bu yaş kateqoriyasına daxil olan hər 10 respondentdən 8-i qadınların siqaret istifadəsinə qarşı çıxır (82%).

Siqaret tüstüsünün sehrinə düşən kişilərin faizi isə 43-ə bərabərdir. Qadınlardan fərqli olaraq kişilər həmcinslərinin siqaret çəkmələrinə normal yanaşırlar. 48% kişinin fikrincə, siqaretdən istifadə güclü cins nümayəndəsinin şəxsi seçimidir. Qadınlar bu mövzuya da kişilərdən daha həssas yanaşırlar. 57% zərif cinsin nümayəndəsi kişilərin bu vərdişə aludə olmasına qarşıdır. Kişilərin sağlam həyat sürməsinin tərəfdarları, əsasən, nisbətən yaşlı nəslin nümayəndələridir (55-64yaş aralığı). Bu yaş kateqoriyasına daxil olan respondentlərin 64%-i kişilərin siqaretdən istifadəsinin əleyhinədir.

Sorğu 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az