Rüfət Səfərovun apellyasiya şikayətinə baxılıb

1 Dekabr 2016 17:36

Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prosesdə çıxış edən R.Səfərov özünü təqsirli bilməyib.

İş üzrə növbəti məhkəmə prosesi dekabrın 22-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Milli.Az