Azərbaycanda ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası müəyyənləşdirilib

1 Dekabr 2016 13:52

Azərbaycanda inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası müəyyənləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur.

Milli Məclsin Regional məsələlər komitəsinin yeni layihənin müzakirəsinə həsr olunan bugünkü iclasında bildirilib ki, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılarkən mübahisəli ərazinin infrastruktur təminatı, dövlət funksiyalarının həyata keçirilməsinin, dövlət və ya yerli idarəçiliyin səmərəli təşkili nəzərə alınmalıdır.

Mübahisələndirilən ərazi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə aid edilərsə, mübahisənin həlli müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Milli Məclis tərəfindən həyata keçirilir.

Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə üzrə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və təbii fəlakətin doğurduğu nəticələr ilə əlaqədar yol verilir.

Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, ərazi vahidlərinə ad verilməsi, onların statusunun dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti qarşısında məsələ Naxçıvan MR Ali Məclisinin vəsatəti əsasında qaldırıla bilər.

Milli.Az