Krım ətrafında raket toqquşması başladı - FOTO

1 Dekabr 2016 14:47

Ukrayna ordusu Krım yarımadası yaxınlığında planlaşdırılan raket atışları təliminin başladığını elan edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin "Cənub" komandanlığı bildirir. "Təlimlər artıq başlayıb, hər şey plan üzrə, beynəlxalq normalara əməl olunmaqla gedir", - komandanlıq bildirir. Məlumatda deyilir ki, sınaqlar zamanı Krım yarımadası rayonunda Rusiyanın hava sahəsinə "ən maksimum yaxınlaşma nöqtəsi" 30 kilometr olacaq.

Xatırladaq ki, Ukrayna bir neçə gün əvvəl Krım yarımadası rayonunda raket atışları təlimlərinin keçiriləcəyi barədə Rusiya tərəfini xəbərdar edib. Təlimlər dekabrın 1-2-də davam edəcək. Ukrayna tərəfi bildirib ki, təlimlər beynəlxalq normalara uyğun keçiriləcək və Rusiyanın suveren hava məkanına müdaxilə baş verməyəcək. Lakin məsələ bundadır ki, Ukrayna Krımı öz ərazisi hesab edir və bu, beynəlxalq normalara görə də belədir. 

Rusiya isə Krımı öz ərazisi adlandırır və bu səbəbdən xəbərdarlıq edir ki, Ukraynanın raket sınaqları yarımadanın hava sahəsində keçirilsə sərt cavab tədbirləri görüləcək. Rusiya Müdafiə Nazirliyinin Kiyevə göndərdiyi rəsmi xəbərdarlığa görə bu halda Ukrayna raketləri havada vurulacaq, habelə raketlərin start meydançasına zərbə endiriləcək. Rusiya Krım yarımadasında S-400 zenit-raket kompleksləri də daxil olmaqla güclü havadan müdafiə sistemi qurub və hərbi ekspertlərə görə Ukrayna raketlərinin yarımadanın hava sahəsindən keçmək şansı yoxdur.

RİA Novosti xəbər verir ki, artıq Rusiyanın Qara dəniz donanmasının gəmiləri açıq dənizə çıxıblar və Krım yarımadasının qərb sahillərində havadan müdafiəni təmin etmək üçün mövqe tutublar. Rusiya hərbi dairələrindəki mənbə yaxın saatlarda gəmilərə döyüş hazırlığı komandasının veriləcəyini bildirib. 

Prezident Putinin mətbuat katibi Dmitri Peskov da təsdiq edib ki, Kiyevə Ukrayna raketlərinin yarımadanın hava sahəsinə daxil olacağı haqda vurulacağı haqda rəsmi nota göndərilib.

Ukraynanın təlimlərdə hansı raketləri sınaqdan keçirəcəyi də açıqlanmır. Bu yaxınlarda Ukrayna prezidenti Pyotr Poroşenko hədəfi dəqiq vuran yeni raketin sınaqlarının uğurla keçirildiyini bildirib. 

Milli.Az