Allah bizi bəzən nemət vasitəsilə imtahana çəkər

1 Dekabr 2016 08:05

İlahi imtahan həmişə xoşagəlməz hadisələr vasitəsilə olmaz. Bəzən Allah bəndələrini nemət bolluğu və azlığı ilə imtahana çəkər. Belə ki, Quran buyurur: "Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız". ("Ənbiya" 35).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Süleyman peyğəmbər (ə) də bu kimi insanlardan idi. Allah Təala onu nemət bolluğu ilə imtahana çəkirdi. "Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: "Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir"". ("Nəml" 40).

Allah Təala bizi ən çox bu vasitələrlə imtahana çəkər: "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver". ("Bəqərə" 155).

Bəs bu imtahanda necə müvəffəqiyyət qazana bilərik?

İnsan bu imtahanların hər birində qələbə çalmaq üçün xüsusi inayətlərə ehtiyac duyar. Belə ki, düşməndən qorxu imtahanında qələbə çalması üçün təvəkkülə və Allahı yada salmağa ehtiyac duyar. Çatışmamazlıqlarla mübarizə aparmaq üçün səbirə ehtiyac duyar.

Çox zaman bizim bu imtahandan qalib çıxmağımız üçün səbirə ehtiyacımız olar. Ona görə də Allah Quranda dəfərlərlə sabirləri müjdələyir və buyurur:
"Allah səbirliləri sevir". ("Ali-İmran" 146).

"Həqiqətən Allah səbir edənlərlədir". ("Bəqərə" 153).

İnsan bu imtahanda qələbə çalmaq üçün gərək unutmasın ki, fani olan dünyada yaşayır. Bir gün onun da ölümü gəlib çatacaqdır. Yəni, bu cümləni unutmayaq: "İnna lillah və inna ileyhi raciun".

İmandan güc almaq və İlahi lütf diləmək də bu imtahanda bizə yardım edə bilən amillərdəndir. Yəni bu yolda mötədil olaq və ruhi rahatlığımızı əldən verməyək. Allah dostlarının həmişə bu həyatda bir proqramları vardır və ona uyğun hərəkət edərlər. Allah da onlara daha çox nuraniyyət verər. "Həqiqətən, Allah yaxşı iş görənlərlədir". ("Ənkəbut" 69).

Keçmişdəkilərin halından ibrət almaq və onların təcrübəsindən bəhrələnmək bu yolda bizə yardım edə bilən başqa bir amildir. Əgər insan bu İlahi imtahanda özünü zəif hesab etsə, keçmişdəkilərin başına gələn imtahanlara nəzər salsın və bu zaman nə qədər çətin imtahana məruz qaldıqlarının şahidi olar.

Belə ki, Allah Peyğəmbərə (s) buyurur: "Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü". ("Ənam" 10).
Bu dünyada olan hər bir insan imtahan olunar. Lakin müxtəlif vasitəsilərlə. Çünki hər bir insanın imtahanı onun ruhi, fərdi və ictimai vəziyyətinə və mövqeyinə uyğun olar. Ona görə də hər an imtahana hazır olaq və yuxarıda verdiyimiz tövsiyələrdən faydalanaq.

Milli.Az