iPad istehsal edən zavodda partlayış: ölənlər və yaralananlar var - VİDEO

21 May 2011 11:54
Çinin Sıçuan əyalətinin Çendu şəhəri yaxınlığında "Foxconn" şirkətinin müəssisəsində güclü partlayış baş verib. "The Guardian" qəzetinin məlumatına görə, iki nəfərin öldüyü təsdiqlənib, 10-dan şəxs xəsarət alıb. Şirkətin nümayəndələri bildiriblər ki, adamlar yanğın nəticəsində xəsarət alıblar. Digər məlumatlara görə, 16 nəfər yaralanıb. Yaralananlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerindən çəkilmiş kadrlarda tüstü görünür.

"Foxconn" şirkəti əsasən Amerikanın nəhəngi "Apple" üçün iPhone smartfonlarının və iPad planşet komyuterlərinin istehsalçısı kimi tanınır. Bundan başqa, müəssisənin "Nokia", "Motorola", "Hewlett-Packard" və "Dell" kimi məşhur tərəfdaşları da var. Ümumilikdə "Foxconn"da 900 min nəfərə, hadisənin baş verdiyi fabrikdə isə 100 min nəfərə yaxın adam çalışır. İri zavodlardakı əmək şəraiti dəfələrlə müzakirə mövzusuna çevrilib.

"Apple" şirkəti hələlik vəziyyəti şərh etməyib. İTAR-TASS-ın "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, zavodun konveyeri partlayışın səbəbləri aydınlaşanadək dayandırılıb.

iPAd istehsalının dayandırılması "Apple" üçün sərfəli deyil. Şirkət hələlik ikinci nəsil planşet kompyuterlərinə olan tələbatı tam ödəmək gücündə deyil. Kompyuterlərin ABŞ-da satışına martda başlanılıb. Hələ iPAd2 təchizatı bazarın artan tələbatını ödəmir.

ANS PRESS