"Ölməz" Akif Çovdarovun şousu: "Kamandar, sən sual verirsən, ya güləşirsən?"

28 Noyabr 2016 19:57

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

10 gün keçdi, Çovdarov ölmədi

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, general və komandası məhkəmə iclasına düz 1 saat 10 dəqiqə gecikdilər. Düz 11 gün bundan əvvəl, noyabrın 17-də məhkəmə iclasında Akif Çovdarovun dedikləri xatırlanarsa, müəyyən qədər narahatlıq yarandı - əcəba, dediyi oldumu? Yadınızdadırsa, həmin iclasda Akif Çovdarov 10 gündən sonra öləcəyini demişdi. O sözlərdən 11 gün keçirdi.

Lakin Akif Çovdarov və üç keçmiş əlaltısı iclas zalına gətirildilər. Hər zamankı kimi həkim müşayiəti və ozon balonu ilə gətirilsə də, Akif Çovdarov gümrah görünürdü, 34 günün aclığından üzülmüş adam təsiri bağışlamırdı.

Şahmar Qurbanovun pulları qaytarılacaqmı?

Proses keçən dəfəki iclasda bitməmiş işə - zərərçəkmiş Şahmar Qurbanovun şikayəti əsasında epizoda baxışın davamı ilə başladı.

Xatırladaq ki, 2007-ci ildə Akif Çovdarov zərgərlik məmulatlarının hazırlanması ilə məşğul olan "Riyad Prodakşn" MMC-nin direktoru Şahmar Qurbanovu MTN-ə çağıraraq, ondan 500 min dollar gətirməsini tələb edib. Bu məbləği toplamaq üçün zərərçəkən sexini, 4 avtomobilini və evini satmaq məcburiyyətində qalıb. Pulları gətirməyəcəyi təqdirdə, Akif Çovdarov Şahmar Qurbanovu həbs etdirəcəyi ilə hədələyib.

Daha sonra MTN generalı Şahmar Qurbanovdan 4 və 5 karatlıq brilyantlar gətirməsini tələb edib. Ümumi dəyəri 380 min dollar olan zinət əşyalarını alıb soyğunçu Akif Çovdarova vermək üçün zərərçəkən tanıdığı insanlardan borc alıb, həyat yoldaşının qızıllarını satıb.

Bütün bu təqiblərdən bezmiş iş adamı 2011-ci ildə vətənini tərk edərək, Türkiyəyə köçməyə məcbur olub. Biznesini itirməklə yanaşı, müflisləşmiş milyonçu ailəsindən də ayrılıb.

Mənzilini aldı, hələ üstəlik borc da verdi

İş üzrə şahid qismində məhkəməyə dəvət olunmuş Tariyel Əliyev ifadəsində bildirdi ki, zərərçəkmiş Şahmar Qurbanovu 2007-ci ildə ilk dəfə görüb. MTN-dən tələb olunan pulları toplaya bilmək üçün yenicə qurduğu ailəsi ilə birlikdə yaşadığı evi satmağa məcbur olan Ş.Qurbanov bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət edibmiş. Onlardan biri Tariyel Əliyevi müştəri kimi zərərçəkmişlə görüşdürüb.

Səməd Vurğun küçəsində, "Olympic Star" idman mərkəzinin yaxınlığındakı məşhur "yaşıl bina"dakı 110 kvadrat metrlik mənzil o zamankı qiymətlərə nisbətən çox ucuz - 150 min dollara satıldığından, Tariyel Əliyev 10 min dollar beh verdiyini, 2-3 gün sonra isə yerdə qalan 140 min dolları ödədiyini və mənzili qaynanasının adına rəsmiləşdirdiyini dedi.

Mənzili satan Şahmar Qurbanov şahiddən köçməsi üçün 1-2 ay gözləməsini xahiş edib. Bu əsnada zərərçəkmişlə Tariyel Əliyev arasında münasibət yaranır və günlərin birində var-yoxundan olaraq, MTN üçün 500 min dollar toplamaq məcburiyyətində qalan zərgər evini alan adamdan 10 min dollar da borc alır. Həmin borc indiyə kimi də qaytarılmayıb.

"Həmin binada evi 38 minə satarsan?"

Şahidin ifadəsi qurtarandan sonra vəkillər onu sual atəşinə tutdular. Sözün açığı, bu sualların böyük əksəriyyətinin işin mahiyyətinə və Akif Çovdarovun Şahmar Qurbanovdan pul tələb etməsinə zərrə qədər aidiyyəti yox idi.

Məsələn, vəkil Kamandar Nəsibov ev alqı-satqı müqaviləsini göstərərək bildirdi ki, mənzil 150 min dollara deyil, 38959 manat 87 qəpik qiymətinə rəsmiləşdirilib. Şahid bundan xəbəri olmadığını və ona deyilən qiyməti ödədiyini bildirdi. Uzun mübahisədən sonra Tariyel Əliyev üzünü vəkilə tutaraq bildirdi: "Həmin binada evi 38 minə satarsan?"

Daha sonra vəkillərin yadına düşdü ki, şahid ifadəsində həmin dövrdə Şahmar Qurbanovun yenicə ailə qurduğunu qeyd etmişdi. Fəqət, vəkillərin fikrincə, o zaman bu ailə yeni qurula bilməzdi. Bu yerdə işə Şahmar Qurbanovun özü qarışmalı oldu: "Mən 2007-ci ilin mart ayında evlənmişəm, evi də avqustda satmışam". Beş aylıq ailənin "yeni" statusunda olub-olmaması qaranlıq qaldı - vəkillər üçün.

Akif Çovdarovun atmacası

Şahidə verilən "aktual" suallar bitdikdən sonra məhkəməyə sədrlik edən hakim Həbib Həsənov Akif Çovdarovdan şahidə sualının olub-olmamasını soruşdu. Ayağa qalxıb kifayət qədər ötkəm səslə dillənən general "Nə sual verim? Özünüz hər şeyi düzüb-qoşursunuz da..." replikası ilə cavab verdi.

Hakim bu replikanı cavabsız qoymadı: "Xahiş edirəm, atmaca atmayasınız, konkret sualınızı verin".

Akif Çovdarov verməyə sual tapmadı.

Şahin Rəfiyev - "təkrar biliyin anasıdır"

Akif Çovdarovun sayca üçüncü vəkili olan Şahin Rəfiyev iki vəsatətlə çıxış etdi. Vəsatətlərin hər ikisi onun müvəkkilinin sağlamlıq durumu ilə bağlı oldu.

İlk vəsatətdə Çovdarovun vəziyyətinin ağır olduğunu nəzərə alaraq, tibbi ekspertizanın onun iclasda iştirak edə bilib-bilməməsini aydınlaşdırması, iştirak edə biləcəyi təqdirdə neçə saat iştirak edə biləcəyi məsələsi qaldırıldı.

Dövlət ittihamçısı vəsatətə görə çıxış edərək qeyd etdi ki, hələlik tibbi ekspertizanın Akif Çovdarovun xəstəliyi ilə bağlı rəyi yoxdur və onun ağırlıq dərəcəsi müəyən edilmədiyindən vəsatət təmin edilməməlidir.

Məhkəmə bu vəsatəti təmin etmədi.

Digər vəsatət isə Akif Çovdarovun öz pulu hesabına (bu pulların mənbəyi göstərilmədi - virtualaz.org) Almaniyada onu müalicə etmiş həkimin çağırılması və ekspertizada onun da iştirak etməsinə aid oldu.

Qarşı tərəf bildirdi ki, Azərbaycanda kifayət qədər ixtisaslı həkimlər var və buna görə Almaniyadakı həkimin buraya gətirilməsinə ehtiyac yoxdur.

Bu yerdə Akif Çovdarov vəsatətlə bağlı söz demək istədiyini bildirdi.

"Mən düz 10 il Səhiyyə Nazirliyinin kuratoru olmuşam. Müxtəlif yollarla mənə çatdırılıb ki, ekspertizaya dəvət olunan həkimlərə təzyiqlər olunur və onlar ekspertiza rəyini düzgün yaza bilmirlər. Mən də bilirəm ki, Azərbaycanda kifayət qədər ixtisaslı həkimlər var, amma onlar bu işdə mənə kömək edə bilməzlər. Almaniyadan gələn həkim isə ən azı düzgün rəy verə bilər".

Bu vəsatət də təmin olunmadı.

Qeyd edək ki, vəsatətlərin heç biri yeni deyildi və məhkəmənin gedişi boyu bu məsələlər qaldırılmışdı.

Çovdarovun daha bir qurbanı - Əbil Vəzirov

Şahmar Qurbanovun işi üzrə digər şahidlər iclasa gəlmədiyindən hakim onların məhkəməyə gətirilməsinin təmin edilməsi barədə qərar çıxardı.

Proses cinayət işinin digər epizodu - zərərçəkmiş Şərəf Vəzirovanın şikayəti əsasında iş üzrə davam etdirildi.

Əbil Vəzirov "Beşmərtəbə" yaxınlığında "Moda" əntiq əşyalar mağazasının sahibi olub. 2009-cu ildə MTN əməkdaşları onun mağazasına gələrək Ə.Vəzirovu və iki satıcı qızı götürərək hava limanına aparıblar. Burada əlləri qandallı Mişa adlı şəxsi onlara göstərərək bildiriblər ki, əntiq əşyalar qaçaqmalçılığı ilə məşğul olan bu şəxsə müəyyən əşyalar satılıb. Bundan sonra Əbil Vəzirov və satıcılardan biri MTN-ə gətirilərək, 10 saat burada saxlanılıb. Akif Çovdarov şəxsən Əbil Vəzirovdan 200 min dollar gətirməsini tələb edib, əks təqdirdə həbs etdirəcəyi ilə hədələyib.

Başqa çarəsi qalmayan Ə.Vəzirov dost-tanışdan 80 min dollar toplayaraq Akif Çovdarova verib. Bundan sonra müflisləşən sahibkar mağazasını bağlayıb və borclarını qaytarmaq üçün banklardan kreditlər götürüb. Həmin kreditlər bu günə kimi də qaytarılmayıb. Dərdə dözməyən Əbil Vəzirov 2015-ci ildə ürək çatışmazlığından vəfat edib. Zərərçəkmiş qismində onun həyat yoldaşı Şərəf Vəzirova çıxış edir.

"Yalnız borcumu qaytaranda dedi ki, MTN onu ilişdiribmiş"

Zərəçəkən Şərəf Vəzirova xəstə olduğundan iclasda iştirak etmirdi. Buna görə də, bu epizod üzrə şahidlərin dindirilməsinə qərar verildi.

Şahid Oqtay Sovqatov ifadəsində bildirdi ki, Əbil Vəzirovla çoxdan dostluq edir. Günlərin bir günü Ə.Vəzirov ona zəng edərək pula ehtiyacı olduğunu bildirib. O.Sovqatov əlində olan 25 min dolları dostuna verib və borcun nəyə görə lazım olduğu ilə maraqlanmağı yersiz hesab edib. Bir müddətdən sonra Əbil Vəzirov borcu qaytarıb və yas məclislərindən birində şahidə deyib ki, pul MTN-ə görə lazım idi.

Akif Çovdarovun vəkilləri eyni sualları təkrar-təkrar verərək şahidi dolaşdırmaq və ifadəsinin yalan olduğunu sübut etməyə çalışsalar da, Oqtay Sovqatov aradan xeyli vaxt keçdiyini və bir çox nüansları, sadəcə olaraq, unutduğunu bildirdi.

"Ölümünə 15 gün qalmış pulumu qaytardı, sevindim"

İş üzrə digər şahid Faiq Əkbərov qeyd etdi ki, Əbil Vəzirov onun əmisi qızının həyat yoldaşı olub. Bir-birlərini tanıdıqları dövrdə Ə.Vəzirov dəfələrlə iş adamı olan F.Əkbərovdan borc pul alıb və həmişə qaytarıb. 2009-cu ildə aldığı 35 min dolları isə xeyli müddət sonra - 2015-ci ildə - ölümünə 15 gün qalmış qaytarıb.

"Sonradan fikirləşdim, yaxşı ki, qaytardı. Öləndən sonra kimdən alacaqdım pulumu?" - şahid bunu da qeyd etməyi unutmadı.

Vəkillər bu şahidlə yalnız pulu vəfat etmiş Ə.Vəzirova harada verməsi məsələsində "ilişdilər". Lakin ifadədə bu açıq-aydın dəqiq bildirilmişdi.

"Sən sual verirsən, ya güləşirsən?"

Qeyd etmək yerinə düşər ki, bugünkü iclas əvvəlkilərə nisbətən daha sakit və işgüzar şəraitdə keçdi. Bəzi məqamlarda vəkil Kamandar Nəsibovun şahidlərə eyni sualları təkrar və hər dəfə müxtəlif formalarda, özünəməxsus yüksək tonla və təkidlə verməsinə hakimin maraqlı reaksiyası yadda qaldı: "Kamandar, sən sual verirsən, ya güləşirsən?"

Növbəti iclas çərşənbə günü, noyabrın 30-da keçiriləcək.

Milli.Az