Azərbaycanlı fotomodel : "Qohumlarını çəkirlər, biz də qalırıq belə" - FOTOSESSİYA

20 May 2011 09:30
Aktrisa və fotomodel Esmiralda Əliyeva kliplərə və reklamlara çəkilən şəxslərin əksəriyyətini qeyri-peşəkar adlandırıb. O, bu barədə Milli.Az xəbər portalına danışaraq dedi ki, işini bilməyən, yalnız pul xatirinə reklamlara, kliplərə zövqsüz və görkəmsiz şəxslər çəkilir:

"Dünya təcrübəsinə əsaslansaq, Azərbaycanda reklam və klip sahəsində müəyyən qədər inkişaf var. Amma həmin reklamlarda, kliplərdə çəkilən insanların bəzilərinin həm görkəmi, həm də zövqü yoxdur. Mən burada onları deyil, rejissorları və təşkilatçıları günahlandırıram. Çünki həmin adamlar bilirlər ki, işini bilən peşəkar model, aktrisa yüksək qonorar tələb edir. Onlar da az məbləğdə pul ödəmək xatirinə öz yaxın dostlarını-tanışlarını və hətta, qohumlarını işə cəlb edirlər", - E.Əliyeva dedi. O, baş verənlərə görə peşəkar fotomodellərin kənarda qaldığını bildirib.

E.Əliyeva onu da bildirib ki, "Best Model of World" və "Best model of Azerbaijan"ın qalibi Rüstəm Cəbrayılovun hazırda ABŞ-da olması da bu cür məsələlərlə bağlıdır.

"Rüstəm peşəkar, zövqlü və görkəmli modeldir. O, Azərbaycanda bir çox reklam çarxlarına çəkilib. Şəhərimizin reklam bilbordlarında onun şəkilini görmək olar. Amma təşkilatçıların düzgün iş qurmamasını və işin müqabilində az məbləğ təklif etməsini görən Rüstəm ABŞ-ın Nyu-York şəhərinə getdi. O, hazırda orada yaşayır və işləyir", - E.Əliyeva söylədi. O, belə davam edərsə Azərbaycanda peşəkar aktrisaların, fotomodellərini qalmayacağını dedi.

Fuad Mədətov
Milli.Az