Azərbaycanda plastik yollar olacaq? - VİDEO - FOTO

21 Noyabr 2016 07:14

Gələn ilin sonuna qədər Hollandiyada ilk plastik yolların inşası planlaşdırılır. Yeni layihə avtomobil yollarının inşası üçün emal olunmuş məmulatlardan xüsusi modulların hazırlanmasını nəzərdə tutur. Bu modullar asfalta analoji olan yüklənməyə dözmək iqtidarındadır. Ancaq asfalta nisbətdə bir çox üstünlüklərə malikdir. Misal üçün, yüngül çəkisi sayəsində onları daşımaq, bir-biri ilə birləşdirmək və lazımi vəziyyətdə uyğunlaşdırmaq çox asandır. Yolun altındakı torpaq isə daha az çökür.

Qeyd edək ki, bundan əvvəl də bir sıra ölkələrdə suyu özünə hopduraraq istənilən havada quru qalan asfalt yolların çəkilməsinə başlandığı barədə xəbərlər yayılıb.

Videonu izləmək üçün şəklə klikləyin:

Suyu hopduran asfalt

Bəs bu cür yeni yol texnologiyalarının Azərbaycanda da tətbiq edilməsi mümkündürmü?

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bununla bağlı Milli.Az-a bildirib ki, əvvəla, yeni texnologiyaların xərci çoxdur, ikincisi də, hələ bir müddət gözləmək lazımdır ki, onlar özünü təcrübədə doğrultsun, sonra lazım olsa, bizdə də tətbiq etmək olar:

"O texnologiyalar hələ sınaq mərhələsindədir və çox da geniş tətbiq olunmur. Bundan əlavə, zahirən adama sadə görünsə, əslində, onlar çox bahalı texnologiyalardır. Onu ölkəyə gətirmək, lazım olan materialları burada istehsal etmək böyük problemdir. Onsuz da, plastik dediyimiz yolun da yatağı möhkəm olmalıdır. Yolun əsas elementi onun yatağıdır, yəni altıdır. Əgər alt möhkəm deyilsə, üstündə nə etsən də, xeyri yoxdur, yenə də dağılacaq. Belə yolun yatağının möhkəm olması üçün az bir metlik beton tökülməlidir, armatur atılmalıdır. O zaman da yolun maya dəyəri çox baha başa gəlir.

Bizim üçün indi ən əsas məsələ mövcud təsərrüfatı qoruyub saxlamaq, onu inkişaf etdirməkdir. Məsələn, Bakı-Ələt-Astara-İran sərhədi yolunun müəyyən hissələri bərbad gündədir. Onlar, heç olmasa, ənənəvi qaydada bərpa edilməlidir".

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Milli.Az-a deyib ki, əgər yeni texnologiyalar sınaqdan yaxşı çıxsa, onların ölkəmizdə də tətbiqi mümkündür:

"Suyu özünə çəkən asfalt, eləcə də plastik yollar hələ sınaq mərhələsindədir. Suyu özünü çəkən asfaltdan yollarda istifadə etmək qeyri-mümkündür. Onu yalnız parkinq yerlərində döşəmək olar. Çünki onun da altında xüsusi drenaj sistem qurulmalıdır ki, su oradan axıb getsin. Axı su asfaltdan süzülüb birbaşa torpağa hopmur, çünki su torpağa getsə, yolun yatağını dağıdar. Amma, hələ ki, bu sistem heç bir ölkədə təcrübədə geniş istifadə olunmur. Əgər dünyada geniş tətbiq olunmağa başlasa və özünü doğrultsa, o zaman niyə bizdə də olmasın? Amma, hələ ki, hazırda belə bir şey yoxdur".

A.Nəcəfli qeyd edib ki, artıq Azərbaycanda da bəzi yeniliklərin tətbiqinə başlanılıb: "Son zamanlar bizdə asfalta xüsusi maddə qatılır. Xüsusən də asfaltın sonuncu, aşınma layında istifadə olunan bituma adgeziya qatqısı əlavə olunur. Həmin maddə səth sularının asfalt-beton örtüyünə daxil olmasının qarşını alır, nəticədə asfalt örtüyünün üst layını daha möhkəm edir, yolu vaxtından tez dağılmağa qoymur və onun uzunömürlü olmasına təsir edir. Artıq bu üsuldan Zığ-Əmircan-Yeni Suraxanı və digər yollarda istifadə olunub". 

İlkin İzzət
Milli.Az