Avropa nəşri: "Aİ Ermənistandakı AES-ə qarşı zəruri addımlar atmalıdır"

16 Noyabr 2016 17:55

Avropanın tanınmış "The Parliament magazine" jurnalının internet səhifəsində "Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməməzliyə vurur" adlı məqalə dərc olunub.

Avropa İttifaqının bir çox üzvləri nüvə enerjisindən imtina etmək niyyətində olduğu bir vaxtda, Ermənistanda hələ də köhnəlmiş atom stansiyası fəaliyyət göstərir, Belarusda isə yeni stansiyanın tikintisinə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirlər Avropanın tanınmış "The Parliament magazine" jurnalının internet səhifəsində "Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməməzliyə vurur" adlı məqaləsində yer alıb.

Məqalədə deyilir: "Ermənistanda mövcud olan Metsamor Atom Elektrik Stansiyası ötən əsrin 70-ci illərdə köhnəlmiş Sovet texnologiyası əsasında tikilməsindən başqa həm də seysmik zonada yerləşir. Stansiyada soyuqlama mexanizmləri aşağıda səviyyədə olduğu üçün burada baş verə biləcək hər hansı insident radiasiyanın ətrafa yayılmasına gətirib çıxaracaq. Bir müddət öncə isə Ermənistan rəsmiləri "nüvə silahına" malik olması ilə bağlı açıqlamalar verdilər. Mövcud problemi ağırlaşdıran digər bir faktor isə radiaktiv materialların qaçaqmalçılığa bağlı faktların aşkarlanmasıdır".

Yazıda bildirilir ki, Avropa İttifaqı "Metsamor"u "ən köhnə və ən az güvəniləcək" stansiya kimi xarakterizə edərək stansiyanın bağlanmasına çağırış edib. Bu əməliyyatın həyata keçirilməsi üçün Aİ Ermənistana 200 milyon avro ödəməyə də hazır idi. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak Beynəlxalq Atom Aqentliyinin Türkiyədə baş tutan 60-cı toplantısında Metsamor AES-nin bağlanmasına çağırış edib. Bütün bu çağırışlara baxmayaraq Ermənistan Metsamor AES-ni istismar etməkdə davam edir. Stansiyanın istismar müddətinin 2010-cu ildə bitməsinə baxmayaraq Ermənistan ötən il "Metsamor"un 2026-cı ilə qədər işləyəcəyini elan edib.

Məqalədə qeyd olunur ki, Aİ gözlənilən təhlükəni görməməzliyə vurmamalı, Slovakiya və Bolqarıstandakı AES-lərin bağlanmasına nail olduğu kimi eynilə Belarusdakı və Ermənistandakı stansiyalara qarşı da zəruri əməli addımlar atmalıdır.

Milli.Az