Bakı yollarındakı "Venesiya"lar nə vaxt yox olacaq?

16 Noyabr 2016 13:42

Paytaxt sakinlərindən Milli.Az-a Binəqədi rayonunda Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli və Əliyar Əliyev küçələri ilə kəsişməsindəki yolun vəziyyəti ilə bağlı şikayətlər daxil olmaqda davam edir: "Hər dəfə yağış yağandan sonra bu yollar, demək olar ki, Venesiyaya çevrilir. Bəzən ərazidən nə piyada, nə də avtomobillə keçmək olur. Artıq yığılan sular asfalt örtüyünü də bərbad hala saldığından həmin istiqamətdə hərəkət edən sərnişin avtobuslarının marşrutunda da dəyişiklik edilib. Bəzən məhz bu səbəbdən yolda saatlarla davam edən tıxac yaranır. Bilmək istəyirik bu yollarda vəziyyət nə vaxt düzələcək?"

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə problemlərin qısa müddətdə aradan qaldırılması asan olmayacaq və bu məqsədlə işlərin nə vaxt başlayacağı da hələlik dəqiq bilinmir:


"Məlum olduğu kimi, prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Yəqin ki, bu məsələ işçi qrupda da müzakirə olunacaq. Amma bütün hallarda həmin ərazidə yeni yağış-kanalizasiya sistemi qurulmalıdır. Ərazidə qalan su ya yağış kollektoruna, ya kanalizasiyaya, ya da yaxınlıqdakı gölə vurulmalıdır. Yəni kompleks tədbirlər həyata keçirilməlidir. Bütün bu işlər görülməlidir ki, həmin yolda təmir işləri aparmaq olsun. Əks halda təmirin heç bir mənası olmayacaq".

A.Nəcəflinin sözlərinə görə, işçi qrupundakı müzakirələrdən sonra eyni səbəb üzündən paytaxtın bir sıra digər yollarında da yaranmış problemlər aradan qaldırılacaq: "Konkret olaraq Ziya Bünyadov prospektindəki məlum ərazidən başqa, Binəqədi şossesində, Heydər Əliyev prospektindəki "Bağırov körpüsü"nün altındakı tuneldə və şəhərin bəzi digər yerlərində də su yığılmasının qarşısını almaq üçün ciddi işlər görülməlidir. Bunun üçün ilk növbədə hansı işlərin görülməsi lazım gəldiyi aydınlaşdırılacaq".

İlkin İzzət

Milli.Az