“Şəki-İpək” ASC fəaliyyətini dayandırdı - VİDEO - FOTO

6 Noyabr 2016 23:54

Bu il yerlərdə yetişdirilmiş 72 tona yaxın yaş baramanın hamısı noyabr ayının əvvəlinə  qədər "Şəki-İpək" ASC-nin baş müəssisəsinin Baramaaçan istehsalatında emal edilib qurtarıb. Nəticədə Baramaaçan istehsalatında iş qeyri-müəyyən müddətə dayanıb. Məlum olduğu kimi, Prezident İlham Əliyevin göstərişi ilə bu il respublikada barama istehsalı bərpa olunmuş və  builki barama mövsümündə 72 tona yaxın yaş barama istehsal olunmuşdur. "Şəki-İpək" ASC-yə isə kredit verilmişdi ki yerlərdə yetişdirilmiş baramanın bir kq-na 8 manat ödəməklə hamısını satın alsın və emal etsin. Burada xam ipəyin bir kq-ı dünya bazarından 2 dəfə baha qiymətə - 82 dollara başa gəlmişdi. Nəticədə Respublika prezidenti 15 sentyabrda "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" sərəncam verdi ki, barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya ayrılsın və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırdı ki,  barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını iki ay müddətinə təsdiq etsin. Gözlənildiyinə görə subsidiya builki barama tədarükünə də şamil edilməlidir və "Şəki-İpək" ASC-nin 1 kq-nı 8 manata satın aldığı baramanın hər kq-ı üçün dövlət "Şəki-İpək" ASC-yə 3-5 manat subsidiya versin.

Milli.Az "İpəkçi"yə istinadən bildirir ki, "Şəki-İpək" ASC-nin baş müəssisəsindəkı baramaaçan istehsalatı ilə yanaşı pambıq əyirici sexdə də xammalın tükənməsi səbəbi ilə iş dayanmışdır. Özü də bu sex azı bir aydır ki işləmir. Səbəb olaraq belə göstərilir ki pambıqtəmizləmə zavodlarının yeni yığılmış pambığı  mahlıca çevirməsi prosesi hələ başa çatmayıb. Məlumat üçün əlavə edək ki, "Şəki-İpək" ASC-nin baş müəssisəsində pambıqtəmizləmə zavodlarının göndərdiyi mahlıcdan istehsal edilən pambıq sap xarıcə göndərilir, burada parça toxunmur. Halbuki pambıq parça istehsalı mümkündür.

Hal-hazırda "Şəki-İpək" ASC-ni baş müəssisəsində yalnız Burucu sexi və Toxucu istehsalatı qismən fəaliyyətdədir. Bu sex və istehsalatın yalnız noyabrın sonuna qədər işləyəcəyi məlumdur. "Şəki-İpək" ASC-nin baş müəssisəsindəki istehsalat və sexlərin növbəti barama mövsümünə qədər işləməsi üçün 1 milyon dollar dəyərində -  təxminən 20-23 ton, quru barama satın alınıb gətirilməsi lazım idi. Lakin 1 milyon dollar borc verən tapılmadı.

"Şəki-İpək" ASC-nin Azərbaycan Beynəlxalq Bankına olan 46 milyon manatlıq kreditləri isə ötən il dondurulub. Bu kreditlər İllik 14, 16, 17 faizlə götürülmüşdür. İndi  "Şəki-İpək" ASC-nin 46 milyon manat borcunun üstünə illik faiz gəlmir. Oktyabrın 19-da hansısa məhkəmənin qərarı ilə isə "Şəki-İpək" ASC-nin bankrot elan ediləcəyi gözlənilirdi. Məhkəmə keçirilib, lakin qərarı ictimaiyyətə hələ açıqlanmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Şəki-İpək" ASC fəaliyyətini dayandırdı