Soydaşlarımız Köln Forumu keçirəcəklər

3 Noyabr 2016 10:16

Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə 4 fevral 2017-ci ildə  "Dünya Azərbaycanlılarının Köln Forumu" keçiriləcək. Bu haqda məlumat verən DAA-nın prezidenti Rəşad Quliyev bildirib ki, tədbir Almaniyanın Köln şəhərində təşkil olunacaq. Assambleyanın prezidenti bildirib ki,  tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diaspor fəalları ilə yanaşı, Almaniyada fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, millət vəkillərinin, bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər. Forumun ilk iki saatında "Vision of Azerbaijan" (Azərbaycanın mənzərəsi) adı altında Azərbaycan musiqisi, tarixi, mədəniyyəti, mətbəxi, incəsənəti, turist bölgələrinin təqdimatı olacaq.

Milli.Az-a DAA-dan verilən məlumata görə, bu il almanların Azərbaycana köç etməsinin 200 illi tamam olduğu üçün forumda həmin hadisəyə həsr olunan film nümayiş olunacaq.  Bundan başqa, "Mədəniyyətlər və dinlərarası dialoq: Azərbaycan nümunəsi" mövzusunda müzakirələr nəzərdə tutulub. Forumda müzakirə olunacaq digər məsələlər bunlardır:

Dünya Azərbaycanlılarının durumu, problemləri, onların həlli yolları, qarşıda duran vəzifələr. Gürcüstan, İran, Dərbənddə, İraqda,  eləcə də başqa ölkələrdə kompakt yaşayan soydaşlarımızın vəziyyəti;

Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi;

DAA-nın  fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsi.

Toplantıya Azərbaycan hökumət nümayəndələri, Diaspora Komitəsi rəhbərliyi, millət vəkilləri və bir sıra fəal ictimai siyasi qurumların təmsilçiləri  də dəvət olunacaqlar.

Bu forumun digər məqsədi dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məsələləri müzakirə etmək, bundan başqa, Azərbaycan təşkilatlarının bir-biriləri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına töhfə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir.

Milli.Az