Azərbaycanlı ərlə arvadın "Facebook" macərası: otel otağında görüş nə ilə bitdi?

17 May 2011 09:25
Rəfiqələrimdən biri keçən yaz "Facebook"da oğlanla tanış olmuşdu. Kim olduğunu  bilməyərək, oğlanın şəklinə ilk baxışdan vurulmuşdu. Günlər keçdikcə, söhbətləşdikcə daha çox sevmişdi və sözün əsl mənasında bağlanmışdı ona. Təzəcə tanış olmalarına baxmayaraq, bütün günü yazışırdılar. Oğlan sosial aktiv fəailyyətlə məşğul idi, buna görə də bir gün Tovuza işgüzar səfərə getməli olur. Başlayırlar SMS-ləşməyə.

Hər gecə səhərə kimi yazışırlar, bir-birilərini daha yaxından tanıyırlar. Onları "Facebook"dan əlavə bir çox şeyin birləşdirdiyini xəbər tutduqca daha çox mehribanlaşırlar. Məsələn: hər ikisinin də ad günün eyni gündə və ailənin yeganə övladı olduqlarını öyrənirlər və.s. Oğlan Bakıya qayıdanda isə ilk dəfə görüşürlər. Bir-birindən xoşları gəlir, günü-gündən daha çox doğmalaşırlar.

Hərdən qız oğlanın ona qarşı simpatiyadan başqa nə isə hiss etdiyini başa düşür, amma üzə vurmur. Hətta bir gün aralarında sevginin yaranmağa başladığını da etiraf edirlər. Hər şeyin çox gözəl getdiyi vaxtda oğlanla əlaqə kəsilir. Qız nə qədər yazsa da, zəng etsə də cavab ala bilmir. Başına pis bir şey gəlməsindən qorxur, amma "Facebook" akkauntunda hər gün bir neçə qızı dostluğa əlavə etdiyini görəndə münasibətin bitdiyini başa düşür, səbəbini isə heç vaxt dərk edə bilmir. Günlərlə depressiyada olur və özünə söz verir ki, onu unudacaq. İstirahətə gedir, qayıdandan sonra yeni fəaliyyətə başlayır və uğur qazanır. Əldə etdiyi nailiyyət haqqında "Facebook"da paylaşanda oğlandan təbrik gəlir. Aylar sonra ilk dəfə onunla əlaqə qurduğuna çox sevinir və bir tərəfdən də ayrılmaqlarının səbəbini soruşur.

Amma aldığı cavabdan sonra "kaş ki heç vaxt bu səbəbi bilməyəydim" deyir. Çünki oğlan səbəbi belə açıqlayır: "Mənim sənə çox böyük simpatiyam var idi, ancaq mən cinsi münasibət də istəyirdim. Sənin mənə bunları verə bilməyəcəyini başa düşəndə uzaqlaşdım". Açıqlaması isə təkçə bundan ibarət olmur. Qıza həm də əxlaqsız təklif edir. Rəfiqəm oğlanın onunla pis niyyətlə münasibət qurduğunu başa düşür və həmin an "əlvida" yazıb uzaqlaşır. Ən maraqlısı isə budur ki, o qız hələ də həmin oğlana nifrət edə bilmir və nə vaxtsa hər şeyin bərpa olunacağı ümidi ilə yaşayır...

Bundan əlavə, bir çox insanların "Facebook"da başlarına maraqlı hadisələrin gəldiyini öyrənəndə Milli.Az xəbər portalı azərbaycanlıların "Facebook" macəralarını araşdırmaq fikrinə düşdü.

"Facebook" barədə ətraflı məlumat almaq üçün informasiya texnologiyaları sahəsində layihələr üzrə mütəxəssis İmam Quliyevə, müraciət etdik. O, dedi ki, "Facebook"un 350 milyondan çox aktiv istifadəçisi var. Onların 413 min 660 nəfərdən çoxunu azərbaycanlılar təşkil edir. Bu isə "Facebook"un 0, 498%-i deməkdir. Hal-hazırda Azərbaycan "Facebook" istifadəçilərinin sayına görə dünya üzrə 93-cü yerdədir. İ.Quliyev bu nəticəyə bəzi azərbaycanlıların saxta profillərinin də təsirsiz olmadığını bildirdi. "Facebook" istifadəçisi olan azərbaycanlıların 63%-ni kişilər, 37%-ni isə qadınlar təşkil edir. Yaş həddinə görə isə 13-15 yaş 8%, 16-17 yaş 10%, 18-24 yaş 47%, 25-34 yaş 25%, 35-44 yaş 6%,45-54 yaş 2 %, 55-64 yaş 1%, 65 yaşdan yuxarı isə 1% olduğunu əlavə etdi.

"Facebook" Azərbaycan ailəsini dağıtdı

Həyat yoldaşı ilə uşaqlıqdan tanış olan və sevərək evlənən qadın günlərin bir günü ərinin ondan soyuduğunu hiss edir və şübhələnməyə başlayır. Nə qədər istəsə də, şübhələrdən xilas ola bilmədiyi üçün onu sınamaq qərarına gəlir və sınaq obyekti olaraq "Facebook"u seçir. Özünə yeni profil acır, tanınmamış modellərdən birinin seksual şəklini yükləyir. Üç günə bir neçə dost yığan xanım həyat yoldaşına dostluq göndərir və tezliklə dostluğu qəbul edilir. Onun bütün şəkillərini bəyənir və ərindən xanıma "Tanış olaqmı?" təklifindən ibarət mesaj gəlir.

Bu sözlə başlayan söhbət tezliklə tanışlığa və böyük dostluğa çevrilir. Hər gün axşama kimi yazışırlar və bir evdə yaşamaqlarına baxmayaraq daha yaxın tanıyırlar bir-birilərini. Gün keçdikcə aralarındakı pərdələr götürülür və qadın evli olduğunu bildirəndə kişi də həqiqəti etiraf edir, beləliklə qadın həyat yoldaşının onunla evli olanda yaşadığı macəraları özündən öyrənir. Neçə dəfələrlə ona xəyanət edildiyini, ərinin kimlərlə gəzdiyini, artıq onu sevmədiyini, yataqda ondan narazı olduğunu - bir sözlə, münəsibətlərinin bütün pərdəarxası məqamları haqqında məlumat alır. Qadın onu görüşə çağırır və ozü cinsi münasibət təklif edir.

Otellərin birində nömrə sifariş edirlər. Razılaşmalarına görə, nömrəyə birinci qadın, daha sonra isə kişi getməli olur. Qadın hotelə gedir, nömrəyə daxil olur və həyat yoldaşının gəlişini gözləyir. Kişi otağa daxil olur və hər şeyi anlayıb şoka düşür... Artıq onlar boşanıblar və kişi, etdiklərindən çox peşman olsa da, qadın onu bağışlamır.

"Facebook"un azərbaycanlı "Playboy"ları

"Facebook"da Sənan adlı bir dostum var. Gənc və çox yaraşıqlı oğlandır. Hər gün onun profilinə müxtəlif qızlar "Sənan, səni çox sevirəm, həyatımsan, ürəyimsən" və.s kimi eşq etirafları yazırlar. Düzü, bu diqqətimi cəlb etdi və ona müraciət edib, fikrini soruşdum. Bəzi oğanların "Facebook"da qızlara yalvardığı halda, Sənanın bunlara niyə fikir verməməyinin səbəbini öyrənmək istədim. Verdiyi cavab isə etiraf edirəm, mənim üçün gözlənilməz oldu. Çünki onun lovğalanacağını düşündüyüm halda, özü hər şeyi açıqlayıb "ora yazan qızlar məni yox, pulumu, evimi, maşınımı, paqonlarımı sevir və onlar üçün əlləşirlər" dedi.

"Facebook"un müsbət təsirləri...

"Facebook" haqqında ancaq mənfi düşünmək lazım deyil. Əgər oxucular bu məqaləni oxuyurlarsa, yazının səbəblərindən biri də "Facebook"dur.
Həyatda zəhəri dərman, dərmanı isə zəhər kimi istifadə etmək olar, sadəcə bunu bacarmaq lazımdır. Çalışın, "Facebook"un müsbət xüsusiyyətlərindən faydalanın.

Nura
Milli.Az