Narkotik vasitələri saxlamaqda ittiham olunan həkim bəraət aldı

31 Oktyabr 2016 21:05

Bu gün Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələri saxlamaqda ittiham olunan həkim Babək Ədalətlinin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. 

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
 
Qeyd edək ki, həkim işləyən Babək Ədalətli 29 may 2013-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı Babək Ədalətlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi dəyişdirilib. Məhkəmə hökmünə əsasən Babək Ədalətli Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib və 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan Babək Ədalətlinin vəkili apellyasiya şikayəti verib. Vəkil Babək Ədalətlinin günahsız olduğunu əsas gətiriblər və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.  

Milli.Az