"Yazdım ki, atam əməliyyatdan çıxmasa, heç kimdə günah görmürəm" - VİDEO - FOTO

31 Oktyabr 2016 12:29

Bu gün xalq artisti, mərhum sənətkar Məmmədbağır Bağırzadənin anım günüdür.  

Milli.Az primetime.az-a istinadən bildirir ki, vəfatından on bir il ötən sənətkarın oğlu Rahim Bağırzadə atası barədə ürək sözlərini yazıb.

"Ailəmizin rahatlığı anam Naibənin xəstələnməsiylə pozuldu. O, iki il xəstə yatdı. Həkimlər, iynə-dərmanlar kömək eləmədi. Xəstəliyi sürətlə irəlilədi. 2001-ci ildə anam dünyasını dəyişdi. Onun yoxluğuna alışmamışdıq heç. 2002-ci il idi. Atamın xəstəliyi başladı. Mədəsində güclü ağrılar olurdu. Əvvəlcə öd kisəsində daş oldu. Sonra mədəaltı vəzinin kəskin iltihabı yarandı. Atam ömrüboyu sağlam olmuşdu. Həm də həddindən artıq özünəbaxan idi. Heç vaxt siqaret çəkməz, içki çox içməzdi. Həm səsini qoruyurdu, həm də səhhətini. Maşını yavaş sürərdi. Həyatsevər adam idi. Çox çətinlik çəkmişdi. Zəhmətiylə əldə etmişdi hər şeyi. Elə istəyirdi, nə isə qurub-qoşsun. Öz qayğısına qalırdı. 2002-ci ildə Şəmkirdən toydan qayıtdı. Qarnı şişmişdi. Vəziyyəti ağır idi. Dedi, "Soyuq dəydi mənə". Demə, əsl dərdi başqa imiş. Əslində, özündə də səhlənkarlıq oldu. İynə-dərmandan qaçardı. Həmin ilin 24 dekabrında, anamın doğum günündə qəbrinin üstünə getdik. Saat 6-da oraya çatdıq. Atama zəng vurdular ki, AzTV-nin "Xəbərlər" proqramında prezident Heydər Əliyevin sərəncamı ilə sənə xalq artisti adı verildiyini deyiblər. Atamın təqdimatdan belə xəbəri yox idi. Hər ilin sentyabrında fəsil dəyişəndə atamın halı da dəyişirdi. Dərman qəbul edirdi, düzəlirdi. Təzyiq də tapdı onu. Yenə müxtəlif müalicələrə üz tuturdu. Demə, mədəaltı vəzi artıq bədəni zəhərləməyə başlayıb.Onu Mərkəzi Kliniki Xəstəxanaya apardıq. Həkimlər cərrahiyyə əməliyyatı aparmaqdan imtina elədilər. Əməliyyatdan sağ çıxmayacağından qorxurdular. Axır ki, bir cərrahın razılığını ala bildik. Yarım saatın içində atamı əməliyyata hazırladıq. Həkimlər mənə ərizə yazdırdılar. Yazdım ki, atam əməliyyatdan çıxmasa, heç kimdə günah görmürəm. Heç bacılarım, atamın bacıları bilmirdilər vəziyyəti. Tez zəng vurdum böyük yeznəmizə. O özünü yetirdi. Təsəlli verdi mənə: "Özünü itirmə". Sonra məsləhət gördü ki, qohumlara xəbər verək. Zəng vurduq. 20-25 dəqiqiəyə atamın qohumları Nardarandan özlərini xəstəxanaya necə yetirdilər, indi də məətəl qalmışam. Qohumlarıyla görüşdü. Liftə onunla girdim. Üzümə baxdı, dedim: "Ata, heç nə demə, görüşəcəyik". Yenə baxdı üzümə, danışmadı. Əməliyyat otağınadək onunla getdim. Əməliyyatdan sonra vəziyyəti pisləşdi. Təkcə ürəyi -5 qalmışdı. Mən isə onu itirəcəyimiz barədə fikri hələ də özümə yaxın buraxmırdım. Los-Ancelesin, Gülhanənin həkimləri ilə əlaqə saxladıq. Ancaq atam artıq elə vəziyyətdə idi ki, onlar müalicədən imtina elədilər. Sonra ikinci dəfə cərrahiyyə əməliyyatından keçdi. Axşam əməliyyat olundu. Səhər 5-in yarısı xəstəxananın həyətinə çıxdım. Əmim, bibimin iki oğlu, atamın etibarlı dostları Baxşəli ilə Mirzəli dayanıb gözləyirdilər. Mirzəli ağlayırdı... Səhəri gün yenə atamla görüşəndə məni ağlamaq tutdu. O vəziyyətdə mənə ürək-dirək verdi. Sonra lazımi sözləri tapşırdı. Onun üç dəqiqəlik ağır danışması bəlkə də qırx-əlli illik həyatıma istiqamət verdi. Sanki ağsaqqalığı qoydu boynuma. Soruşdu: "Kim var bayırda?" Dedim, hamı buradadır. "Hamını yaxşı yola ver". Təkcə öz bibisiylə danışmaq istədi. Tez nömrəsini tapıb zəng vurdum. "Bibi, gör məni nə günə qoydular", - deyib ağladı. Atamın səhhətinin ağırlaşması, sonra da vəfatı xəbəri yayılanda hamı təəccübləndi.

Gözləmirdilər. Onu həmişə şux görmüşdülər. Biz isə üç il idi, onun nələr çəkdiyini bilirdik. Əslində iş-gücündəydi. Konsertlərə, toylara gedir, yeni mahnılar yazdırırdı. Ağrıları başlayanda isə həkimlərə üz tuturdu. 2005-ci ilin 30 oktyabrında atam dünyasını dəyişəndə anladım: mən də özümü hazırlaya bilməmişdim onun yoxluğuna. Dəfn mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında keçirildi. O gün bildim ki, Məmmədbağır Bağırzadənin nə qədər sevənləri var imiş. Hətta rayonlardan belə pərəstişkarları onunla vidalaşmağa gəlirdilər. Atama Fəxri xiyabanda yer verildi. Amma onu Nardaranda, Rəhimə xanım pirində, öz anasının ayağının altında dəfn etdik. Atamın vəsiyyəti belə idi. Babam onun dərdinə tab gətirmədi. 2006-cı ilin 19 martında dünyasını dəyişdi".

Xatırladaq ki, bu fikirləri Məmmədbağır Bağırzadənin oğlu Rahim atasının vəfatını şərh edərkən yazıb. Qeyd edək ki, Məmmədbağır Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir. Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlayıb. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib. Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məmmədbağır Bağırzadə - Belə qəmli dayanma