Bismilləhir-Rahmənir-Rahim!
Yaşadığımız məhərrəmlik dönəmi bir çox məqamları ilə əlamətdardır. Önəmli nöqtələrdən biri də, Aşura məktəbinin, həyatın müvəqqətiliyi və bu həyatda yaşamağın insanın müqəddəratına etdiyi təsirlərlə bağlı təqdim etdiyi çatdırışdır. Belə ki, həyat yolundan asılı olaraq, necə yaşamağından, imtahanlarını necə verməsindən asılı olaraq, insanlar bir gün haqq-hesab aləmində cavab verəcəklər. İnsan həmişə Allah dərgahında olduğunu xatırlasa, cavab verməli olduğunu unutmasa, əməllərini bu anlama uyğunlaşdırar, günahdan çəkinər, özünə və insanlara zülm etməz.
Bu dünya - bir azuqə toplamaq yeri
Əziz Rəbbimiz Öz müqəddəs Kitabında bəndələrinə daima onların insan olaraq vəzifə daşımalarını xatırladır. Misal üçün, "Həşr" surəsinin 18-ci ayəsində buyrulur: "Ey iman gətirənlər! Allahdan çəkinin və hər kəs öz sabahı üçün nə hazırladığına baxsın. Allahdan çəkinin ki, həqiqətən Allah etdiklərinizdən (əməllərinizdən) agahdır".
Diqqət yetirsək, görərik ki, mübarək ayədə iki yerdə təqvaya dəvət vardır. Təqva - insana məxsus bir halətdir, bir daxili durumdur ki, onu günaha doğru getməkdən saxlayır və eyni zamanda, gözəl əməllərə doğru getməyə sövq edir. Bu diqqət yetirmə, insanın həşr gününə hansı azuqə ilə getməsinə dəlalət edir. İnsanlar öz əməllərinə diqqət yetirməlidilər ki, cavab məqamında peşmançılıq çəkməsinldər. O zamankı peşmançılığın artıq mənası olmayacaqdır.
Bununla yanaşı, insan xəbərdar edilir ki, Allah Təbarəkə və Təala onun hər bir əməlindən xəbərdardır. Bu bildiriş, pis əməl həyata keçirməkdən çəkindirməni daha da gücləndirir...
Mübarək ayədən digər bir məqam də irəli gəlir. Belə ki, insana azuqə toplamağın zərurəti çatdırılır, bu dünyanın azuqə yeri toplamaq məkanı olaraq fəlsəfəsi açıqlanır və bununla yanaşı, bildirilir ki, insandan məhz bu dünyada topladığı azuqənin müqabilində haqq-hesab çəkiləcək. Önəmli nöqtə odur ki, bu toplanılmalı olan azuqənin xarakteri də bəlli edilir. Bu, nə var-dövlətdir, nə sərvətdir, nə saraylar, nə maşınlar, nə də zavod-fabriklərdir. Haqq-hesab günü işləyən dəyər vahidi - həmin təqva xüsusiyyətidir. İnsanda bu təqva varsa, həmin gün karına gələcəkdir; yoxdursa, digər topladıqlarının heç bir əhəmiyyəti olmayacaqdır.
Əhli-Beytin (ə) rəhbərliyi
Təqva anlamının mənasına diqqət edək. Nəzərə almaq lazımdır ki, təqva hansısa amorf kateqoriyalara aid deyil, konkret əməllərlə təsdiqlənən bir xüsusiyyətdir. Bununla bağlı dinimizin dəqiq göstərişləri vardır. Bu sırada ilk növbədə məhz ibadi məsələlərə önəm verilir. İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə bildirilir: "Bəndə Allah Təala qarşısında dayanan zaman ondan soruşulacaq birinci sual - vacib namazlar, vacib zəkat, vacib oruc, vacib həcc və biz Əhli-Beytin (ə) vilayəti haqqında olacaqdır. Əgər bizim vilayətimizi və məhəbbətimizi etiraf edərək bu dünyadan gedərsə, namazı, orucu, zəkatı və həcci qəbul olunacaqdır".
Gördüyümüz kimi, namaz burada dinin bünövrəsi kimi təqdim edilir, insandan soruşulacaq ilk əməl olaraq çatdırılır. Bu sırada oruc, həcc kimi müsəlmana vacib olan əməllər də sadalanır, zəkat kimi toplumun imkansız insanlarına yönəli nəcib ödəmələr də vurğulanır. İnsandan soruşulacaq ki, sənə veriləni necə məsrəf etdin? İmkansız qonşuna, yetimə, qocaya əl tutdunmu?
Diqqətçəkən məqamın digəri Əhli-Beytə (ə) bəslənən məhəbbət və onun rəhbərliyini qəbul etmə ilə bağlıdır. Belə ki, ibadi mövzuların qəbulluğu Əhli-Beytin (ə) rəhbəriyyətini anlamaq və riayət etməklə şərtləndirilir. Əgər insan Həzrət Peyğəmbərə (s), Həzrət Əliyə (ə), Həzrət Fatimeyi-Zəhraya (s.ə.), İmam Həsən (ə) və İmam Hüseynə (ə), digər 9 İmama (ə) məhəbbətlə bu dünyadan getsə, onların rəhbərliyini, öndərliyini qəbul edərək yaşasa və bu halətdə dünyasını dəyişsə - digər əməlləri də qəbul olunar.
Əhli-Beyti (ə) nicat gəmisi bilən, yolgöstərən ulduz kimi qəbul edən insanın ibadətlərinin keyfiyyətini müvafiq olar. Əhli-Beyti (ə) sevmək nə deməkdir? Onların təbliğ etdiyi, yaşatdıqları, uğrunda həyatlarını belə qurban verdikləri dəyərlərə sayğı göstərmək, sədaqət bəsləməkdir. Rəsuli-Əkrəm (s) və Əhli-Beyti (ə) - Allah Təalanın müqəddəs çatdırışını insanlara təqdim və izah edənlərdir. Onlar Allahın pak və günahsız qərar verdiyi insanlar olaraq, İlahi mesajı olduğu kimi, bütün dərinlik və gözəlliyi ilə insanlara təbliğ etmişlər. Və Əhli-Beytə (ə) məhəbbət bəsləmək, onlarıın vilayətini - rəhbərliyini qəbul etmək, həqiqətən Allah dinində olmaq, Yaradanın gözəl bildiyinə meyil etmək və çirkin bildiyindən çəkinməkdir.
Sevginin meyarı
Gördüyümüz kimi, burada sevgi hissinin insanın əməllərinə etdiyi təsirə toxunulur. Sevən insan, sevgi obyektinə xoş gəlməyə çalışır. Sevgi obyektinin xoşuna gəldiyi işləri edir və xoşuna gəlmədiyi işlərdən çəkinir. Və Əhli-Beyti (ə) sevməyə də məhz bu prizmadan baxılmalıdır: necə ola bilər ki, insan Əhli-Beyti (ə) sevdiyini iqrar etsin, amma namaz qılmasın, oruc tutmasın?! Bu, əsla mümkün deyildir. Əhli-Beyti (ə) sevən adam içki içməz, qumar oynamaz, pislik etməz, yalan danışmaz, haqq basmaz. Yalnız haramlardan çəkinən və vaciblərə diqqətlə yanaşan insan səmimi olaraq deyə bilər ki, Əhli-Beyti (ə) sevir. Və sevginin dərəcəsi bu mövzulara yanaşma ilə mütənasibir. Sevgi nə qədər dərindirsə, yaxşılıqlara sayğı və pisliklərdən çəkinmə də bir o qədər fundamentaldır.
Ümumiyyətlə, insan özünü aldatmağa meyillidir. İnsan özünü inandıra bilər ki, filan şeyi sevirəm və filan şeydən acığım gəlir. Amma bu, çox sadə vasitə ilə yoxlanılır. İnsanın əməlləri onun dünyagörüşünün, riayət etdiyi dəyərlərin təzahür yeridir. Əgər insanın əməlləri onun bəyanatları ilə fərqlənirsə, demək özünü aldatma durumundadır.
Bu baxımdan namaz xüsusi əhəmiyyət kəsb edir. Əziz İslam Peyğəmbərindən (s) nəql edirlər: "Hər şeyin siması var, sizin dininizin də siması namazdır".
Beləliklə, insan sözün əsil mənasında müsəlman olmaq istəyirsə, mütləq namaza diqqət etməlidir. Bir çox insanlar var ki, bu məsələ onlar üçün çətin gəlir, lənətlik iblis namaz ətrafında çətinlik və məşəqqət görüntüsü yaradır. Amma gerçəkdə Allah Təala dinini çox sadə olaraq qərar vermişdir və namaz hər bir insanın yerinə yetirə biləcəyi bir əməldir. Əlbəttə, namazın ali keyfiyyəti, ruhun pərvazı - tamamilə ayrı mövzulardır. İnsan edə bilər ki, ibadətində böyük yüksəkliklərə yetişsin, edə də bilər ki, sadə əməl olaraq həyata keçirsin.
İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Allahın yanında ən sevimli iş - namazdır və o,(namaz) peyğəmbərlərin insanlara olan son tövsiyəsidir".
Çox insan var ki, müxtəlif xeyriyyəçilik tədbirləri həyata keçirir, elm öyrənir və hesab edir ki, bu əməllər Allaha xoş gəldiyi üçün kifayət edər. Lakin, dinimiz bu stereotipləri dağıdır və bəlli edir ki, işləri Allaha görə görürsənsə, ilk əvvəl onları namazla zinətləndir, namazla zənginləşdir, ixlaslı tərkiblə doldur.
Bu mətləb İmam Muhəmməd Baqirdən (ə) nəql edilən mübarək hədisdə öz gözəl təsdiqini tapır: "Bəndədən soruşulacaq ilk şey - namazdır. Əgər qəbul olunsa, digər əməlləri də qəbul olunar".
İnsan namazın bərəkətlərini dərk etsə, bu ibadətdən ayrılmaq istəməz. Həzrət Əlidən (ə) nəql edirlər: "Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə etdiyi rəhməti görən iblis, ona paxıllıqla baxar".
Məşğuliyyətindən, yaşından, durumundan asılı olmayaraq, insan ilk öncə öz gözəl əməllərini məhz namazla təravətləndirməli, Allahın ona bəndə olaraq tövsiyə etdiyi vacibatlara diqqət və məsuliyyətlə yanaşmalıdır.
Vəzifə dünyası və haqq-hesab aləmi
Dinimiz insana ayıldıcı mesajlar göndərməklə, onu bihudə yaşamaqdan, bu günün işini sabaha qoymaqdan çəkindirir. Allahın Rəsulundan nəql edirlər: "Agah olun! İndi siz elə bir gündə yaşayırsınız ki, burada əməl vardır və hesab-kitab isə yoxdur. Tezliklə elə bir günə çatacaqsınız ki, orada hər şeyin hesabı sorulacaq və əməl olmayacaqdır".
Maraqlı məqamdır: insan gün ərzində sərf etdiyi enerjini və bunun müqabilində əldə etdiklərini hesablasa, çox qəribə vəziyyət alınar. Mənəvi, ruhani ləzzətləri kənara qoysaq, elə sırf maddi ləzzətləri nəzərə alsaq, görərik ki, bir neçə dəqiqəlik ləzzət üçün insan nə qədər enerji sərf edir. Nə qədər iş görür ki, bir neçə dəqiqəlik ləzzət alsın: ac ikən yeməkdən, susuz ikən içməkdən ləzzət alsın, nə isə estetik, bədii bir görüntülərdən həzz alsın və s.
Bir sözlə, insanın sərf etdiyi enerji, əldə etdiyi ləzzətə qətiyyən adekvat deyil. Bu, nə deməkdir? Bu, ona dəlalət edir ki, bu dünyada enerji məsrəfi ilə ləzzət arasında ekvivalentlik (tam uyğunluq) yoxdur. Demək, bu məqamın haradasa realizə olunası digər məkan vardır.
Digər nöqtə odur ki, insan gördüyü yaxşılıqların və etdiyi pisliklərin bu dünyada çox az əvəzini görür. Zalımlar var ki, minlərlə ev yıxıblar, amma zərrədək əvəzini görməyiblər. Yaxud, insanlar var ki, həyatlarını gözəl işlərə sərf ediblər, amma bir yaxşı gün görməyibələr. Bunun özü sübutdur ki, insanın öz əməllərinin müqabilini görəcək aləm vardır. Əks təqdirdə, tamamilə anlaşılmaz vəziyyət alınardı - İlahi ədalət pozulmuş olardı, yaradılışın harmoniyası alt-üst olardı.
Dinimiz anladır ki, bu dünyada cəza və mükafat yoxdur. Sadəcə İlahi xəbərdarlıqlar var və təşviqatlar var. Bura mükələfiyyət və vəzifə dünyasıdır. İnsanın məsul olduğu bir aləmdir. Və o dünyada isə əməl yoxdur - artıq qatar getmişdir, heyifsilənməyin mənası yoxdur, əməllərə görə cavab vermək məqamı yetişmişdir.
Buradan çıxarılacaq ən mühüm nəticə odur ki, insan öz hesab-kitabını bu dünyadaykən aparmalıdır ki, həşr günü peşmançılıq çəkməsin. Zira, o gün peşmançılıq fayda verməyəcəkdir. İmam Museyi-Kazımdan (ə) nəql edirlər: "Hər gün öz nəfsinin hesabına yetişməyən kəs, bizdən deyildir. Hər kəs baxsın, əgər yaxşı bir əməl edibsə, bundan çoxuna əməl etmək üçün Allahdan uğur diləsin və buna görə Allaha şükür etsin. Əgər pis bir iş görübsə, Allahdan bağışlanmasını istəsin və tövbə etsin".
Bu dünya - dərin bir dənizdir
Nəzərə alaq ki, dinimiz dünyaya aludə olmağın təhlükələri barədə xəbərdarlıq etməklə yanaşı, çıxış yolu da təqdim edir. İmam Museyi-Kazımdan (ə) nəql edirlər: "Dünya, dərin dənizə bənzər, çox insanlar onda qərq olublar. Buna görə (xilas olmaq üçün) sənin bu dənizdə (mindiyin) gəmin gərək İlahi təqva, yükü - iman, yelkəni - təvəkkül, kapitanı - ağıl, yolgöstərəni - elm və sükanı da səbir olsun".
Mübarək hədisdə insanın nicatı üçün çox dəqiq və təfsilatlı resept təqdim edilmişdir. Ən başlıcası, İslam dini, bəzilərinin iddia etdikləri kimi, fatalizmə çağırmır, əksinə, elm və əqli rəhbər tutaraq, dinamik həyat sürməyə dəvət edir.
Nəql olunur ki, Həzrət Cəbrayıl (ə) Həzrət Nuha (ə) buyurmuşdur: "Ey peyğəmbərlərin ən yaşlısı! Dünyanı necə gördün?". Nuh (ə) cavabında buyurdu: "Dünyanı iki qapılı bir ev kimi gördüm. Bir qapısından daxil oldum və o biri qapısından çıxdım".
Hətta son dərəcədə uzun ömür sürmüş Həzrət Nuh (ə) da, bu dünya həyatının sürətlə axdığını bildirir.
Həzrət Əlidən (ə) nəql edirlər: "Dünya - keçid sarayıdır. Qalmaq yeri deyildir. Və burada insanlar 2 yerə bölünür: biri dünyada özünü satıb pozğunluğa düçar edir, o biri isə özünü alır və azad edir".
Allah Təala cəmi insanları vaxtının qədrini bilib, ömrünü hədər yerə sərf etməyənlərdən qərar versin, inşəallah!
Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə qərar ver!
Allahım, millətimizin və ümumilikdə ümmətin qarşısında duran problemlərin həllini, fitnənin aradan getməsini nəsib et!
Allahım, işğal altında olan torpaqların azad olunmasını, əsirlərin nicatını nəsib et!
Allahım, insanlarda ləyaqət və dəyanətin yer almasını, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini inayət et! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
Milli.Az