Zırıldamaqla hırıldamaq arasında...

28 Oktyabr 2016 12:05

Bir kino lenti kimi keçib gedən son 20-25 ildə biz aşağılıq kompleksindən əziyyət çəkən, günahkar və qəhrəman axtaran, öz aləmimizdə düşməni asıb-kəsən, kiçik adamlardan böyük qəhrəman düzəldən xalqa çevrilmişik. Bizi düşünən, bizə dəstək olan heç kəs yoxdur. Biz qəfil qəzada əlil arabasına möhtac olmuş xəstə kimiyik. Pilləkənləri qalxmaq üçün gözlərimiz tanış birisini axtarır. Tariximizin bir çox məqamlarında həm özümüzə, həm də qonşularımıza düşmən və qənim kəsildik.

Yaşadığımız coğrafiyanı qisas, düşmənçilik və nifrət yuvasına döndərmişik. Hər kəsin qarşısında min illikləri əhatə edən tariximizdən ağzımız köpüklənə-köpüklənə danışıb, baş kəsib qan tökən fatehləri az qala tanrılaşdırmışıq. Qanı, ölümü, müharibəni, torpaq istilasını şərəfli bir şey kimi tariximizə qırmızı hərflərlə yazıb, övladlarımıza təbliğ eləmişik.

Amma nə gözəl olardı, bizim də tarixi qədimlərə dayanan əyləncəli festivallarımız, şən, pozitiv bayramlarımız olsaydı...

Keçən əsrdən başlayaraq biz ancaq məğlubiyyət tariximizi yüksək səslə çığırırıq. Qəribədir, bütün xalqlarda olduğu kimi bizim də tariximizdə babalarımızın törətdiyi qəddar, amansız, qanlı və əxlaqsız hərəkətlər ört-basdır olunur. Guya biz dünyanın ən məsum və günahsız millətiyik. Mən bir şeyi anlamıram: nə üçün türklərin qonşu torpaqlarını ələ keçirməsi "fəth", qonşuların bizim torpaqları ələ keçirməsi "işğal" adlanır? Niyə qələbələri özümüzün haqqı, məğlubiyyətləri isə qonşunun günahı hesab edirik?

Olmazmı, qolumuzun gücündən yox, zəkamızın itiliyindən qürurla danışaq? Məncə olmaz, çünki bu baxımdan əliyalınıq. Cahil-cahil güzaran keçiririk. Son dönəmdə gündəmdə olan polemikalara nəzər salın, görəcəksiniz ki, cəhalətimiz meydan sulayır.

20 ildən çoxdur davamlı olaraq 20 yanvar, 26 fevral və 31 mart tarixlərində böyüklü-kiçikli ekran qarşısında əyləşib qətl edilmiş həmvətənlərimizin cəsədlərinə baxırıq. Körpələrimizi də yanımızda əyləşdirib mövsümi yasxana quran televiziyalarımızın ah-naləsinə qulaq asırıq. Dünyadan bixəbər övladlarımızın psixologiyasını zədələyib zombiləşdiririk. Onlara da qan, qisas, müharibə aşılayırıq.

Və bu ağlamağımızın, ah-naləmizin, zırıldamağımızın adını utanmaz-utanmaz vətən sevgisi qoyuruq. Uşaqlarımıza erməninin zalım, başkəsən, qəddar olmasından danışırıq.

Boş vaxtımızda da ucuz şoulara baxıb yerimizdə dingildəyirik...

Niyə birdən-birə bu mövzuya qayıtdım?

İcazə verin, kiçicik də olsa, izahat verim. Son günlər  bir tərəfdə yenidən tarixi şəxsiyyətlər müzakirə olunur, tarixi hadisələr təkrar qiymətləndirilir. Bir tərəfdə isə aparıcı canlı efirdə ayaqqabılarını soyunub şıdırğı gedir.  Mən unutqanlığın tərəfində deyiləm, bütün bu müzakirələr olmalıdır və buna ehtiyac var. Eyni zamanda efirimizdə manıs təfəkkürlü aparıcılar da dövrün tələbidir.

Biz Seyid Əzimi ahıl yaşında ayaqlayan, Sabiri vərəmlədən, Mirzə Cəlili çərlədən, Hadini yandıran, Müşviqi gülləyə qurban verən xalqın nümayəndələriyik. Özümüzdən müştəbeh olmaqdansa arada özümüzə tənqidi yanaşmağı da bacarmalıyıq. Məncə, şıdırğı oynayan aparıcı, zəvzək-zəvzək danışan şou-biznes nümayəndələri bizi daha çox ifadə edir.

Cəmiyyəti bu zırıldamaq, dingildəmək formatından çıxarmaq lazımdır. Göz yaşımızı silib dərhal hırıldamağa başlayan əqli qüsurlu uşaqlar kimi, ətrafımızı özümüzə güldürməyək. Bu oyunbazlığın ortasında incə bir xətt olmalıdır. Bəlkə də bu orta xətti tapıb xilas ola bilərik...

Cəlil Cavanşir
Milli.Az