Fuad Poladov: ''Sabah son tamaşamdır" - YENİLƏNİB

27 Oktyabr 2016 17:23

17:23

"Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir".

Teatrın bir qədər öncə yaydığı açıqlamada belə deyilirdi. Aktyorun oktyabrın 28-də "Müsyo İbrahim və Quran çiçəyi" tamaşasında çıxış edəcəyi də bildirilirdi. Milli.Az bildirir ki, amma aktyor azadlıq.org-a açıqlamasında teatrla əməkdaşlığının davam etməsi haqda deyilənləri təkzib edib. O, teatrın aktyoru Hikmət Rəhimovun işdən çıxarılması ilə bağlı təzyiqlərə etiraz olaraq işdən çıxdığını bəyan edib.

Gənc aktyor teatrdakı yaradıcı mühitdən, qoyulan pyeslərin bədii dəyərinin olmamasından, buna görə bəzən ona verilən rollardan, elə İlyas Əfəndiyevin pyesindəki rolundan imtina etdiyini söyləmişdi. Bundan sonra Akademik Milli Dram Teatrın rəhbərliyi onun işdən getməklə bağlı ərizə yazmasını istəmişdi.

Bu kiçik xatırlatmadan sonra Fuad Poladovla söhbəti olduğu kimi təqdim edirik.

- Salam, Fuad müəllim.

- Əleyküməssəlam.

- Sabah tamaşa olacaqmı?

- Bəli.

- Onda teatrdan gedişinizlə bağlı deyilənlər həqiqəti əks etdirmir? Teatrda qalırsınız?

- Yox, son tamaşamdır bu. Əvvəlcədən planlaşdırılmış tamaşadır. Onu təxirə salmaq olmazdı.

- Deməli, gedirsiniz?

- Hə.

- Bəs niyə?

- Bu barədə açıqlama vermək istəmirəm.

- Aktyor Hikmət Rəhimovla bağlıdır?

- Bəli, bəli.

- Bəlkə getmək çıxış yolu deyil? Qalıb Hikmətin geri qaytarılması üçün nəsə etmək olardı? Nüfuzunuzdan istifadə edə bilərdiniz bəlkə...

- Onu rəhbər işçilər həll edirlər. Mən sıravi aktyoram. Mən tək orada neyləyə bilərəm, yəni nəyə təsir edə bilərəm? Gördüm ki, bu işə girişmək, ruslar demiş, "bespolezni" işdir. Ona görə də heç kimə bu barədə ağız da açmadım. Çünki neçə vaxtdır təkidlə onun ərizə yazmasını tələb edirlər.

- Siz özünüz bu durumu necə dəyərləndirirsiniz? Aktyor mətbuata müsahibəsində teatrdakı mühit haqda, sadəcə, öz fikirlərini ifadə edib. Buna görə niyə sıxma-boğmaya salınmalıdır ki?

- Bu, artıq müsahibə oldu, hə? Mənsə bu haqda başqa açıqlama vermək istəməzdim.

- Sizi televiziyalara da dəvət etmirlər, deyəsən?

- Çoxdandır dəvət etmirlər. Çoxdandır. Amma, deyəsən, tilsimi sındırıblar. Srağagün ATV-nin "Geriyə baxanda" verilişinə dəvət etdilər. Çəkildi. Amma daha bilmirəm efirə buraxacaqlar, ya yox. Bazar günü efirə getməlidir.

- Birdən teatr rəhbərliyi Sizi işdən buraxmadı? Ərizənizi qəbul etmədi?

- Necə yəni, onların istəməyi ilə deyil ki. Bu, elə bir şeydir ki, onu mən həll edirəm! Onlar həll etmir. Mən qərar verəndə heç vaxt qərarımı dəyişmirəm.

- Onda Sizin tamaşalara Rus Dram Teatrında baxmalı olacağıq?

- Ora mənim iş yerimdir. Oradan çıxmamışdım ki. Fəaliyyətimi davam etdirirəm.

----------

16:45

Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən bildirir ki, xalq artistinin dediyinə görə, teatrdakı işindən uzaqlaşıb: "Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, "Müsyo İbrahim və Quran çiçəyi" tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm".

Teatrın mətbuat xidmətindən bildirilib ki, F.Poladov hazırda teatrda fəaliyyətini davam etdirir: "Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb. Fuad Poladov teatrda fəaliyyətini davam etdirir.

Xalq artisti İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi" pyesi əsasında xalq artisti Azər Paşa Nemətin quruluşunda "Boy çiçəyi", Ərşad Ələkbərovun quruluşunda "Müsyo İbrahim və Quran çiçəyi", Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" pyesi əsasında Azər Paşa Nemətin quruluşunda "Şah Qacar" tamaşasında çıxış edir. Oktyabrın 28-də Fuad Poladov "Müsyo İbrahim və Quran çiçəyi" tamaşasında çıxış edəcək. Bu məsələ ilə bağlı hər hansı yenilik olarsa, mediaya məlumat veriləcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir". 

Milli.Az