Dünyanın ən məşhur qəzetini oxuyanlar azalır

13 May 2011 08:24
Milli.Az xəbər portalı "AdAge"ə istinadən bildirir ki, dünyanın ən populyar qəzeti sayılan "The New York Times"ın saytının oxucularının sayı bu ilin aprelində mart ayı ilə müqayisədə 24,4 faiz azalıb. "comScore" araşdırma şirkətinin hesablamaları belədir.
"The New York Times" qruplaşmasının xəbər saytları olan "The New York Times", "The Boston Globe", "The International Herald Tribune" və s.-lərinin ümumi ziyarətçi sayı isə 7,5 faiz azalıb.

Qəzetin saytının trafikinin aşağı düşməsi "The New York Times"ın elektron variantının martın 28-də ödənişli sistemə keçməsidir. Son bir ay ərzində qəzetin internet variantına 100 mindən artıq istifadəçi abunə olub.

Bütün bunlarla yanaşı, "The New York Times"ın ABŞ qəzetlərinin saytlarının ümumi trafikindəki payı da azalıb. Martda saytın payı 13 faiz idisə, apreldə 10,6 faizə düşüb.

Hazırda "The New York Times"ın saytında ayda yalnız 20 məqaləni pulsuz oxumaq olar. Yerdə qalan materiallarla isə yalnız qeydiyyatdan sonra tanış olmaq mümkündür.
"The New York Times"ın gündəlik tirajı 916 min nüsxədir.

Milli.Az