"Şah Qacar" tamaşası 50-ci dəfə oynandı

17 Oktyabr 2016 14:22

Akademik Milli Dram Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "Şah Qacar" dramı əsasında Xalq artisti Azər Paşa Nemətovun hazırladığı tamaşa 50-ci dəfə oynanıb. Həmişə olduğu kimi bu dəfə də sürəkli alqışlarla qarşılanan tamaşada Ağa Məhəmməd şah Qacar rolunda Xalq artisti Fuad Poladov parlaq oyun nümayiş etdirib.

Milli.Az xəbər verir ki, Qacarın anası Ceyran xanım rolunda Xalq artisti Laləzar Mustafayeva, qalan rollarda əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov, Anar Heybətov, Məmməd Səfa, Vidadi Həsənov və başqaları çıxış ediblər.

Gərgin dramatik səhnələr və maraqlı personajlarla zəngin olan tamaşada Ağa Məhəmməd şah Qacar bacarıqlı sərkərdə, qətiyyətli və ağıllı dövlət başçısı kimi diqqəti çəksə də, Fuad Poladov onu acı taleyinin girdabında əzab çəkən, bitib-tükənməyən suallara cavab axtaran ziddiyyətli bir insan kimi canlandırıb.

Milli.Az