ABŞ-ın NATO-dakı nümayəndəsi: “Azərbaycanın NATO-ya üzvlüyü üzərində işləmək olar”

9 Mart 2010 18:44
Trend News-a bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Cenifer Devis deyib. "Əlbəttə, biz Azərbaycanı istədiyi nə varsa, onunla tanış etməyə hazırıq, çünki bizim tərəfdaşlığımız qarşı tərəfin nə istədiyindən asılıdır", - C.Devis Azərbaycanın alyansa daxil olması mümkünlüyünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, NATO region ölkələri - Ermənistan, Gürcüstan və Azərbaycanla bərabər qaydada və sıx işləyir. "Biz sizin tərəfdaşlığınız vasitəsilə demokratik islahatlar, müdafiə sektorunda islahatlar aparmaqda maraqlıyıq. Azərbaycanın bu proqramlara verdiyi töhfə o deməkdir ki, Azərbaycan regional sülhə öz töhfəsini verir", - Devis deyib. "Azərbaycan NATO-nun çox mühüm strateji tərəfdaşıdır və NATO tərəfdaşlıq və üzvlük üçün hər kəsə əlini uzadır. Bizim qapılarımız üzvlük üçün açıqdır", - o bildirib.

Onun sözlərinə görə, stabil və demokratik dövlət artıq sülhpərvər sayılır. "Mən əlavə etmək istərdim ki, "General euroatlantic integration" proqramı Cənubi Qafqaz üçün müsbət haldır. Odur ki, biz tərəfdaşlarımızla Əfqanıstanda hərbi əməkdaşlıq sahəsində sıx işləmək istəyirik", - ABŞ nümayəndəsi vurğulayıb.

C.Devis qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupu Ermınistanla Azərbaycan arasında sülhün bərqərar olmasında uğur əldə bilməsini istəyir: "Lakin NATO bu prosesə cəlb olunmayıb. Ancaq biz Minsk qrupunun fəaliyyətini tam dəstəkləyirik və istəyirik ki, bu, uğurlu olsun, xüsusilə də nəzərə alsaq ki, ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biridir".

Qeyd edək ki, Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir.

/Trend News/