Müğənni Zamiq heç kimin klipinə baxmır
9 Mart 2010 21:38
"Əvvəldən elə planlaşdırmışam ki, ildə bir klip çəkdirirəm".
Milli.Az-ın verdiyi xəbərə görə, bu sözləri son vaxtlar müğənnilərin klip çəkilişlərinə az diqqət ayırması ilə bağlı Day.Az radiosunun sualını cavablandıran müğənni Zamiq bildirib.
Müğənninin sözlərinə görə, klip çəkdirmək üçün çoxlu pul lazımdır: "Amma mən hər il klip çəkdirirəm. Ən azı ildə bir klipim çəkilir. Mən səhnəyə gələndə birdən-birə beş kliplə gəlməmişdim ki? Onda da bir klip çəkdirmişdim, indi də hər il bu qaydanı gözləməyə çalışıram. Hazırda mahnılarımdan birinə klip üçün ssenari yazılır"
Müğənni onu da əlavə edib ki, əslində televiziyada göstərilən kliplərə baxmır. "Doğrusu, kliplərə baxmağa vaxtım yoxdur. Hətta öz kliplərimə də baxmıram. Əsasən radiolarda, sd-lərdə dinləyirəm hamını. Başqalarının neçə klip çəkdirməsinə gəlincə, hərənin öz yaradıcılıq planları var. Mənim bu barədə danışmağım doğru olmazdı. Amma kliplərin süni surətdə çoxalması da elə yaxşı olmaz."
Bununla belə Zamiq bu gün Azərbaycan estradasında olan gənclərin çox yaxşı oxuduğunu bildirib. "Az-çox musiqi duyumu olan biri kimi deyirəm- bu gün çox yaxşı, istedadlı gənclərimiz var. Hamısı bir-birindən qəşəng oxuyurlar. Maşallah, muğamı da, estradanı da əla oxuyurlar. Əlbəttə, hamı kimi mənim də qəlbimdə elə bir yer var ki, mən də orada olmaq istərdim. Ona görə hər zaman çalşıram ki, fərqlənim, gənclərdən, dostlardan geri qalmayım."
Milli.Az