Mübahilə - qədim xalqlarda, xüsusilə, ərəblərdə mövcud olmuş bir ayindir. İki qarşı tərəf müzakirə vasitəsilə həqiqəti ortaya çıxara bilmirsə və tərəflərdən heç biri məğlub olmursa, o halda son variant kimi mübahiləyə əl atırlar. Hər iki tərəf Allaha dua edir ki, kim haqsızdırsa, Allah ona dərhal bəla göndərsin. Mübahilə çox məsuliyyətli bir addımdır, çünki insan özünün haqlı olduğuna yəqinliklə inanmalıdır ki, belə bir duanı etsin. Tarixdən məlumdur ki, bir çox hallarda mübahilədən dərhal sonra haqsız tərəf möcüzəvi şəkildə məhv olmuşdur.
Milli.Az islam.az-a istinadən bildirir ki, tarixdə ən məşhur mübahilə hicri 9-cu ildə baş vermişdir. Cənubi Ərəbistanın Nəcran bölgəsindən gələn xristian nümayəndə heyəti Mədinədə Həzrət Mühəmməd Peyğəmbərlə (s) dini müzakirələr aparır. Həzrət İsanın (ə) bəşər yoxsa ilah olması barədə yaranan fikir ayrılığını həll edə bilməyəndə çıxış yolunu mübahilə etməkdə görürlər. Ertəsi gün Peyğəmbər (s) öz qızı Fatiməni, əmisi oğlu və kürəkəni Əlini, nəvələri Həsənlə Hüseyni (ə) yanına alıb təyin olunmuş yerə gəlir. Xristianlar o həzrətin qətiyyətini görüb qorxuya düşürlər və mübahilə fikrindən əl çəkirlər, məğlub olduqlarını söyləyib tələsik Nəcrana qayıdırlar. Mübahilə hadisəsi Əhli-beytin üstünlüyünün ən mühüm dəlillərindən sayılır.
Milli.Az