“Oğlan evi-2” gəlir

25 Sentyabr 2016 19:32

Ötən ilin kinokomediya janrında çəkilmiş ən uğurlu filmlərindən sayılan "Oğlan evi" filminin II hissəsinin çəkilişləri yekunlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, premyerası dekabra planlaşdırılan ekran əsərinin üzərində montaj işləri aparılır.

Filmdə yeni rolları "Bozbash Pictures" serialından tanıdığımız aktyor Nicat Rəhimov və videobloger Hüseyn Əzizoğlu canlandırcaqlar. Bundan başqa, aktyorlar Elşən Hacıbabayev və Qurban Məsimov da filmdə rol alıblar. Bu dəfə də ekran əsərində maraqlı və əyləncəli hadisələr əksini tapacaq.

Filmin quruluşçu rejissoru İlham Qasımov, operatoru Nadir Mehdiyevdir.

Qeyd edək ki, filmdə əsas hadisələr birinci hissədən ən çox yadda qalan Baba obrazının ətrafında cərəyan edəcək.

Milli.Az