2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək

22 Sentyabr 2016 12:35

27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişi - 2-ci Azərbaycan Beynəlxalq Müdafiə "ADEX 2016" sərgisi keçiriləcək. Azərbaycan və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturları iki il öncə keçirilən birinci müdafiə sənayesi sərgisinə böyük maraq göstərmiş və bu sərgini Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də ziyarət etmişdir. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə sərgiyə dəstək göstərir. "ADEX" sərgisinin təşkilati tərəfdaşı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

"ADEX 2016" sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. Bu il "ADEX" sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çexiya və Estoniya kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, sərgi coğrafiyası 44 ölkəni əhatə edir. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi ərazi baxımından 10%-lik artım nümayiş etdirir. Sərgidə öz ölkələrinin aparıcı şirkətlərini təqdim edən 10 ölkə - Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə çıxış edir. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyə (42 şirkət), İsrail (14 şirkət) və Rusiya (14 şirkət) məxsusdur. "Aselsan", "CETC", "Damen", "MBDA", "Norinco", "IAI", "Roketsan", "Rosoboronexport", "Thales" və digər şirkətlər hərbi texnikanın nümayişi ilə çıxış edəcək. Sevindirici haldır ki, eksponentlərin 58%-i Birinci "ADEX" sərgisinin iştirakçılarıdır. "ADEX 2016" sərgisinin qeydiyyat sponsoru qismində isə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin Katibliyi çıxış edir.

Bu il müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edir. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır.

Bu il "ADEX" sərgisini nazir, hərbi idarə rəhbərlərinın başçılıq etdiyi 25 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edəcəklər. Öz nümayəndə heyətlərini "ADEX" sərgisinə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina və Serbiya yer alır. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən "ADEX" sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.

Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə edilmiş nailiyyətlərin nümayişi planlaşdırılır: quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, HHM sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı. Bu sərgi layihəsinin fərqləndirici xüsusiyyəti müasir qoruma və müdafiə vasitələri, təhlükəsizlik texnikası, sənaye, nəqliyyat təhlükəsizliyi sistemləri, informasiya və rabitə mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri, eləcə də xilasetmə vasitələrinin geniş çeşidinin vahid konsepsiya çərçivəsində irimiqyaslı nümayişidir.

Dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin bron etdiyi açıq sərgi platforması xüsusi diqqətə layiqdir. Bu platformada ən son qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, tanklar, HHM sistemləri və hərbi maşınlar ziyarətçilərə təqdim ediləcək. Bundan başqa, ilk dəfə olaraq zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi də təqdim ediləcək.

Seminar, təqdimat, sənaye nazirlikləri, istehsalçı şirkətlər və sifarişçilər arasında çoxsaylı ikitərəfli görüşlərin daxil olduğu "ADEX" sərgisinin dolğun işgüzar proqramı tədbirin dialoq platforması kimi unikallığını göstərir. Beləliklə, 28-29 sentyabr tarixində sərgi çərçivəsində "Ərazilərin minalardan təmizlənməsi üzrə sistem və texnologiyaların inkişaf perspektivləri. Bu sahədə fəaliyyət göstərən şirkətlərin iştirakı və rolu", "Pilotsuz uçuş aparatları sahəsində müasir texnologiya və innovasiyalar" və "Hava hücumundan müdafiə (HHM) sahəsində müasir metod və sistemlər" mövzularına həsr olunmuş seminarlar keçiriləcək. Seminarlarda müdafiə sənayesinin peşəkarları iştirak edə bilərlər.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər, belə ki, sərginin informasiya dəstəyi 56 aparıcı ixtisaslaşmış jurnal, veb-sayt və informasiya agentlikləri tərəfindən təmin olunur. Ümumilikdə, sərgidə 100-dən artıq mətbuat nümayəndəsi akkreditasiyadan keçib. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın "IHS Jane's Defence Weekly" dərgisidir. Sərginin "onlayn" gündəliyi vəzifəsini Belçikanın "Army Recognition" jurnalı yerinə yetirir. "Azeri Defence" jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Beləliklə, "ADEX" sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. "ADEX" sərgisi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək. İştirakçı şirkətlər barədə bütün məlumatlar sərginin rəsmi kataloqunda dərc olunacaq. Şirkətlərin yeni məhsulları barədə xəbərlər, ixtiraçı və mütəxəssislərdən götürülmüş müsahibələrlə isə "ADEX 2016 Xəbərləri" qəzetinin xüsusi buraxılışında, sərginin www.adex.az veb-saytında və sosial şəbəkələrdə tanış olmaq mümkündür.

Sərgiyə giriş 27-29 sentyabr tarixində hərbi və müdafiə sənayesi, habelə əlaqədar sənaye sahələrinin mütəxəssisləri, eləcə də ali hərbi məktəblərin tələbələri üçün açıq olacaq. 30 sentyabr tarixində kommersiya strukturlarında fəaliyyət göstərən şəxslər öz şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgidə iştirak edə biləcəklər. Bütün ziyarətçilər veb-saytda qeydiyyatdan keçməlidirlər.

"Caspian Event Organisers" şirkətinin 2016-cı il üzrə tərəfdaşları arasında "SafeLife" şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), "Premier Tour" şirkəti (rəsmi turoperator), "Sheraton hotel" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər) və "AzExpoMontage" şirkəti (rəsmi montajçı) yer alır.