Dərsliklərə daxil edilə biləcək görüş: Nəticə və gözləntilər

22 Sentyabr 2016 07:14

Sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini Bakıda qəbul edən Azərbaycan prezidenti İlham Əliyevin görüşdəki çıxışını hətta siyasət və ya beynəlxalq münasibətlərə dair dərsliklərə də daxil etmək olar. Azərbaycanın dövlət başçısı öz çıxışı ilə bir sıra məqamlara aydınlıq gətirməklə yanaşı, həm də çox güclü diplomatik gediş etdi.

Ümumən prezident İlham Əliyevin Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünün nəticələrini tezislər şəklində belə qruplaşdırmaq olar:

-  Məlum oldu və ya təsdiqləndi ki, Avropa Parlamentinin bir il bundan əvvəl Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsindən sonra rəsmi Bakı qətiyyət göstərərək bu qurumla əlaqələri kəsib, indi isə AP onun bərpasına çalışır;

- Azərbaycanın AP ilə əlaqələrinin kəsilməsinin səbəbkarı məhz bu qurumun özü və oradakı bəzi dairələrin ölkəmizə qarşı tutduğu qərəzli mövqedir;

- Azərbaycanda insan haqları ilə bağlı vəziyyət deyildiyi kimi, heç də pisləşməyib, əksinə yaxşılaşıb;

- Meydan TV-nin direktoru Emin Millinin ölümlə hədələnməsi və onun Azərbaycan vətəndaşlığından məhrum edilməsi barədə məlumat yalandır;

- Bakının mərkəzində dinc nümayişlərin keçirməsinin qadağan olunması yalandır;

- Mərhum jurnalist Rasim Əliyevin prezident Əliyevi tənqid etdiyinə görə amansızcasına döyülərək öldürülməsi yalandır və dövlət başçısı onu belə bir cinayətdə ittiham etdiyinə görə bu məlumatları yazanları məhkəməyə verə bilər, lakin humanistlik göstərir;

- Təkcə Azərbaycan Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə can atmır, Avropa İttifaqı da Azərbaycanla münasibətləri dərinləşdirməyə çalışır;

- Azərbaycan yalnız AP ilə münasibətləri kəsib, Avropa Birliyi ilə isə əməkdaşlıq davam edir, hətta Birliyin 9 üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair bəyannamə də imzalanıb;

-  ATƏT-in Bakıdakı ofisinin fəaliyyətinə onun sonuncu rəhbəri, əslən azərbaycanlı olan Aleksis Şahtaxtinskiyə qarşı ədalətsizliyə yol verildiyinə görə xitam verilib. Əgər ədalət bərpa olunsa, Ofis yenidən açıla bilər;

- AP Azərbaycanla heç bir əlaqəsi olan qeyri-hökumət təşkilatının - "Freedom House"un ölkəmizə qarşı hesabatlarına əsaslanır və bununla qeyri-peşəkarlıq və qərəz nümayiş etdirir;

- AP 2015-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkilərinə müşahidə missiyası göndərməməklə heç nə dəyişmədi, nəticələrə və müsbət rəyə təsir etmədi;

- Qərəzli hesabata görə AP-də "Biz Azərbaycanı itirəcəyik" deyənlər haqlı idilər;

- Azərbaycan məsələlərə aydınıq gətirməyə və əməkdaşlığı yenidən bərpa etdirməyə hazırdır.

- Azərbaycan Avropa üçün İslam aləmində mühüm dünyəvi ölkələrdən birinə çevrilib;
- AP Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir;

- AP-də bəzi dairələr Azərbaycanla əməkdaşlığın bərpasında maraqlıdırlar və hazırda bununla bağlı Azərbaycanla əhatəli müqavilə üzərində iş gedir.

Azərbaycan artıq dəfələrlə sübut edib ki, onunla diktə yolu ilə danışmaq olmaz. Təcrübə göstərir ki, hələ heç bir qurum və ya dövlət bu yolla Azərbaycandan heç nə əldə edə bilməyib. Odlar yurdu ilə yalnız bərabər hüquqlar səviyyəsində tərəfdaş olmaq və əməkdaşlıq etməklə, qarşılıqlı razılıq əsasında birgə müzakirələr aparmaqla, ikili satndartlara və ədalətsizliyə yol vermədən, mövcud problemləri birgə həll etmək və əməkdaşlığı dərinləşdirməklə hansısa məsələdə inkişafa nail olmaq olar.

Əgər Avropada, xüsusən də onların ümumi parlamentindəki bəzi dairələr bunu nə qədər tez anlasalar, Azərbaycana qarşı qərəzli mövqedən əl çəkərək daha peşəkar davransalar, o zaman nəinki onlar üçün mühüm əhəmiyyət kəsb edən sazişin imzalanmasına, avropalılara xeyir gətirəcək bir sıra birgə layihələrin həyata keçirilməsinə nail ola bilərlər.

İlkin İzzət
Milli.Az