Əli qızılla oynayan qadınlarımız - onlar necə məşhur oldular? - FOTO

19 Sentyabr 2016 18:59

Son günlər prezident İlham Əliyevin regionlarda pambıqçı qadınlarla görüşməsi ötən illərin xatirələrini gözlər önündə canlandırdı. Mərhum prezidentimiz, ulu öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyi, tez-tez pambıqçı qadınlarla görüşlər təşkil etməsi yaddaşlardan silinməyib. Bu qadınların bəziləri sovet hakimiyyəti illərində Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, digər qismi isə gümüş və qızıl medallarla təltif olunmuşdur. 

Milli.Az femida.az-da istinadən həyatları filmlərə səhnə olmuş, barələrində kitablar yazılmış, mahnılar bəstələnmiş həmin qadınların fəaliyyətini təqdim edir.

Azərbaycanın adlı-sanlı pambıqçılarından olan Sevil Qazıyeva 1962-ci il ərzində öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq etdiyi briqada həmin il hər hektardan 30 sentner pambıq götürdüyü üçün onu "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edirlər. O, 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Sevil Qazıyeva gənc yaşlarında, faciəli surətdə həlak olmuşdur. Onun işlədiyi traktor yanmış və o, öz həyatı bahasına sahəni yanğından xilas etmişdir. Ölümündən sonra "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür. 1970-ci ildə onun həyatından bəhs edən "Sevil Qazıyeva" filmi çəkilmişdir.

1955-ci ildə anadan olmuş Tərlan Musayeva məşhur pambıqçı Sevil Qazıyevanın respublikamızda ən layiqli davamçılarından hesab olunur. Musayeva Tərlan Həsən qızı 1955-ci ildə anadan olub. Tərlanın 2 yaşı olanda valideynləri ayrılıblar. 22 yaşında SSRİ Ali Sovetinin ən gənc deputatı, 25 yaşında isə əmək qəhrəmanı olmuşdur. Sadə əməyi ilə ictimaiyyətin dərin rəğbətini qazanmış və müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin ilk deputatı olmuşdur. O, hazırda prezident təqaüdçüsüdür.

Tərlan Musayeva Şərqiyyə Vəliyeva

Xuraman Abbasova 31 dekabr 1927-ci il tarixində Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. Rayonun ən iri pambıqçılıq təsərrüfatlarından olan Lenin adına kolxoza 20 il sədrlik edən bu qadın həm də Qarabağ müharibəsi illərində əsl vətənpərvərlik nümunəsi göstərmiş, Qarabağın azərbaycanlı əhalisinin hərtərəfli təminatını təşkil etmiş, Qarabağa yük karvanları aparmışdır. O, ermənilərə qarşı vuruşan yerli silahlı dəstələrin, xüsusi təyinatlı milis bölmələrinin və Milli ordunun təminatında da əsl fədakarlıq nümunəsi göstərmişdir. Xuraman Abbasova Milli Ordunun yaranmasında fəal iştirak etmiş, yeni yaranan Azərbaycan Ordusunun fonduna 100 min rus rublu (110 000 dollar) keçirmişdir.

Xuraman Abbasova üç dəfə SSRİ-nin yüksək mükafatı olan Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenləri ilə təltif edilmiş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. Şamama Həsənovanın ictimai fəaliyyəti də zəngin olmuşdur. O, 4-11-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı seçilmiş, 1960-1974-cü illərdə SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Şamama Həsənova respublikanın bir çox nüfuzlu seçkili orqanlarının işində fəal iştirak etmişdir. Gərgin əməyi yüksək qiymətləndirilən Şamama Həsənova pambıqçılıq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, doğma kəndində onun tuncdan büstü qoyulmuşdur. O, 2008-ci il sentyabrın 5-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Şamama Həsənova 

Şamama Əliyeva da SSRİ dövündə işlədiyi "Kommunist" kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda Prezident təqaüdçüsüdür. O, həm də "Qəhrəman ana" adına layiq görülüb.

Qızqayıt Həsənova əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1947-ci ildə "Lenin ordeni" ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Biləsuvar rayonunun Xırmandalı kəndindəki kolxozun sədri işləyib. Qızqayıt Həsənova 2 dəfə SSRİ Ali Sovetinin, 9 dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü olub. 2012-ci ildə Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 88 yaşında vəfat edib.

1902-ci ildə Göyçay rayonunun Ərəbşahverdi kəndində anadan olmuş Nazlı Abdullayeva 1948-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Bu nailiyyətinə görə o, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülür. Nazlı Abdullayeva 1927-1965 illərdə Göyçay rayonunun "Yeni yol", "Azərbaycan" kolxozlarında işləyib, 1965-ci ildən isə İttifaq əhəmiyyətli fərdi pensiyaçı olub. 

Tamaşa Əliyeva 1921-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuşdur. Tamaşa Əliyeva rayonun bir cox təsərrüfatlarında kolxoz sədri işləmiş, rayon partiya komitəstnin büro üzvü olmuş, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, SSRİ Ali Soveti plan büdcə komissiyasının üzvü olmuşdur. Onun adına çoxlu oçerklər yazılmış, Teymur Elçinin sözlərinə Əşrəf Abbasovun bəstələdiyi "Qarabağın qızları" mahnısı həmin dövrlərdə dillər əzbəri olmuşdur.

Tamaşa Əliyeva Ağdam rayon istehsalat idarəsinin rəisi vəzifəsində, ömrünun son dövrlərində isə rayon icra hakimiyyətinin Üçoğlan ərazi nümayəndəsi vəzifəsində çalışmış, 1998-ci ildə vəfat etmiş, Alıbəyli kəndində dəfn olunmuşdur. O, Lenin ordeni, bir çox orden və medallarla təltif olunmuş, SSRİ Ali Sovetinin və Azərbaycan SSRİ Ali Sovetinə dəfələrlə deputatı seçilmişdir.

Sürəyya Kərimova da Ağdamda doğulub boya-başa çatmış zəhmətkeş qadınlarımızdandır. O, Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir. Sürəyya Kərimova iki dəfə SSRİ Ali Sovetinin, 4 dəfə isə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.

"Sürəyya" mahnısı ona həsr olunub. 

1916-cı ildə Ağdaş rayonunda anadan olmuş Zeynəb Qəmbərova 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. O, həm də 6 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 

Milli.Az