Rio-2016: Rövşən Səfərov bürüncə yiyələndi - YENİLƏNİB - FOTO

10 Sentyabr 2016 06:50

06:50

Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşündə belaruslu Aleksandr Kazlovdan üstün olub. Növbəti görüşündə Ukrayna idmançısı Aleksandr Kosinova məğlub olan Rövşən Səfərov təsəlliverici görüşə qatılıb. Argentinalı Xose Effrona qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Conatan Drane ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz Rio Paralimpiadasını üçüncü pillədə başa vurub.

Rövşən Səfərov 2010-ci il və 2014-cü il dünya çempionatının bürünc mükafatçısı, 2009-cu il Avropa çempionatının qalibi, 2015-ci il qitə birinciliyinin gümüş medalçısıdır.

09.09.2016

20:50

Rövşən Səfərov bürünc medal uğrunda təsəlliverici görüşdə argentinalı Xose Effrona qalib gəlib. Üçüncü yer uğrunda görüşdə cüdoçumuz Böyük Britaniya təmsilçisi Conatan Drane ilə qarşılaşacaq.

19:36

Cüdoçumuz Ramil Qasımov finala gedən yolda Almaniya təmsilçisi Nikolai Kornhass ilə qarşılaşıb.

Trend-in məlumatına görə, idmançımız ipponla vaxtından əvvəl qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarının ilk günündə komandamız gümüş medal qazanıb.

Bayram Mustafayev 66 kq çəki dərəcəsində ilk medalı Azərbaycan komandasına qazandırıb.

----------

19:13

Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 73 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz kubalı Rodriqes Gerardonu məğlub edib.

Beləliklə, R.Qasımov yarımfinalda alman cüdoçu Nikolai Kornhass ilə qarşılaşacaq.

Milli.Az