Tarixdə neçə peyğəmbər olub?

10 Sentyabr 2016 22:15

Tarixdə neçə peyğəmbər olub və hər xalqa peyğəmbər göndərilibmi?

Milli.Az islam.az-a istinadən bildirir ki, geniş yayılmış məlumata görə, peyğəmbərlərin sa­yı 124 min olmuşdur. Allah-təala heç bir milləti və tayfanı peyğəmbərsiz qoymayıb. Quranda buyurulur: "Hər ümmətin bir peyğəmbəri vardır" (Yunus, 47). "Elə bir ümmət yoxdur ki, onun içindən qorxuducu bir peyğəmbər gəlib-getməsin" (Fatir, 24).

Allahdan üz çevirib fəlakətə düşən tayfaların hamısına vaxtilə peyğəmbər göndərilmişdi: "Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik" (İsra, 15). Yer üzündə hər millət fərqli dildə danışdığı üçün bütün millətlərə öz dilində danışan peyğəmbər göndərilmişdi: "Biz hər bir peyğəmbəri öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin" (İbrahim, 4).

Peyğəmbərlərin sayı çox olsa da, onların az hissəsinin adı və əhvalatları tarixdə qalıb. Quranda cəmi 25 peyğəmbərin adı çəkilir.

Milli.Az