Bəstəkar Sevinc Ağasıyeva: "O, çoxlarına elə bir sillə vurdu ki, əleyhimə çalışanlar susmağa məcbur oldular" - FOTO

1 May 2011 12:14
Mahnı  3 "Yeni Ulduzçu"nun və balaca Emiliyanın (Cavid Hüseynin qızı) ifasında maraqlı klipi ilə musiqi tariximizə düşdü desək, yanılmarıq. Bu mahnının bəstəkarı Sevinc Ağasıyevanı sadəcə, Cavid Hüseynin yoldaşı və ona sənətində  dayaq olan xanım kimi tanıyırdım.

- Sevinc xanım, həyat yoldaşınızın şou-biznesə gəlməyinə peşman deyilsiz ki?

- Əgər Cavid burda evlənməsəydi, təhsilini başa vurub, xarici ölkəyə gedəcəkdi. Onun daxilində şöhrətə can atmaq yoxdur. Cavidi mən məcbur etdim ki, bu sahəyə gəlsin. İndi peşmanam. Hətta musiqiyə gəlməyimizə peşmanam. Amma neyləyək, geriyə yol yoxdur. Cavidin elit dinləyicisi xaricdədir. Siz onun Londonda verdiyi konsertləri görəsiz. Caviddən fərqli olaraq, mən çox iddialıyam. Fikirləşirəm ki, hansı sənətin sahibisənsə, gərək o işin "ası" olasan.

- Bəs Sevinci bu başıbəlalı sahəyə çəkib gətirən nə oldu?

- Məni musiqiyə atam həvəsləndirib. Atam Məmməd Ağasıyev canlı konservatoriyadır. Onun qədər muğamı, musiqi ədəbiyyatını bilən yoxdur. Şeirlər yazır, arada musiqi də bəstələyir. Sonuncu "Leyla" mahnımın sözlərini də o yazıb.  Atam çox gözəl tarzəndir, əvvəllər Dövlət televiziyasında ansambl rəhbəri idi.

-  Tanınmağınıza görə hansı mahnılarınıza borclusuz?

- İlk "Səndən ayrı" mahnımı Cavid Hüseyn ifa etdi. Ancaq şou-biznesə gəlməyimə səbəb olan mahnı Aygün Kazımovanın ifa etdiyi "My baby" mahnısı idi. Mahnının əsl adı Meggidir və mən bu mahnıda Aygün xanımı gördüm. Bu mahnılar mənim adımı tanıtdı, amma özüm fərd olaraq kölgədə qaldım. Səbr etdim və mənim da zamanım yetişdi. Ümumiyyətlə, mən mahnılarımda cavanı da, uşağı da, yaşlını da fikirləşirəm ki, hər kəs özünə uyğun nəsə tapsın. Mənə həmişə deyirlər ki, sən elit və zövqlü çevrənin bəstəkarısan, düşündürücü əsərlərin var. Mənim mahnılarımı oxuyan müğənnilər də eyni çevrənin müğənniləridir. Ancaq "Əziz müəllimim" mahnısı həm çoxdan məktəbi bitirmiş yaşlı insanların, həm də müasir  müəllim və şagirdlərin sevimli mahnısına çevrildi.  

- Məncə, bu mahnı sizin şou-biznesə vizit kartınız oldu.

- Sözün açığı, şairə Məhəbbət xanımın sözləri musiqinin doğulmasına zəmin yaratdı. İntuisiyam deyirdi ki, mahnı çox tutarlı olacaq. Hərdən bəziləri mənim anti-reklamımla məşğuldurlar.  Niyə? Yəqin mənim parlamağımı istəmirlər. Mənim gücümü bəzi prodüserlər, studiyalarda səs rejissorları, musiqiçilər gözəl bilirlər. "Əziz müəllimim" çoxlarına elə bir sillə vurdu ki, nə etsələr də xeyri yoxdur.

 - Amma sizin bu mahnı ilə bağlı acı xatirələriniz də var. İfaçılardan biri  Leylanın ölümündən çox böyük sarsıntı keçirtdiyinizi bəlkə də çoxları bilmir.

-  Bu, mənim üçün sınaq idi. Sarsıntıdan "Leyla" mahnısı yarandı. Mahnını Emil Bədəlov oxuyacaq. Əminəm ki, inanılmaz uğur qazanacaq. Çünki bu mahnıda həqiqi kədər, həqiqi sarsıntı, göz yaşları var. Bu mahnını Cavid də efa edəcək, Sevinc Musayeva da. Çünki bu,birgə keçirtdiyimiz çətin günlərin mahnısıdır. Leyla mənim çoxdandır axtardığım müğənnim idi. Əcəl Leylanın "Əziz müəllimim" oxumasını gözləyirmiş ki, o, izsiz-soraqsız itməsin, unudulmasın.

- Verilişlərin birində Elza Seyidcahan sizin barədə dedi ki, o, özünə bəstəkar demir... Deməli, bu qədər gözəl mahnıları yazmaqla iş bitmir.

- Ondan əvvəl özum dedim ki, mən konservatoriyanın nəzəriyyəsini bitirsəm də ali savadlı musiqiçiyəm. Məşhur bəstəkarların biri də mənə demişdi ki, vacib deyil ki, sən Akademiyanın bəstəkarlığını bitirəsən. Məhz bu fikri Elza xanım əldə bayraq tutaraq dedi ki, Sevinc onsuz da özünə bəstəkar demir ki, o, bəstəkar deyil. Lap tutaq mən özümə bəstəkar demədim, axı sən mənim qabiliyyətimi, əsərlərimi  görürsən. Və bəlkə də mənim əsərlərim onun əsərlərindən güclüdür. Çünki ötən il bir müsabiqə oldu, orda 12 mahnı seçilməliydi. Mən də mahnı təqdim etmişdim, Elza xanım da. Onun bəstəsi keçmədi, mənim əsərim keçdi. Bax, onda mən gücümü hiss etdim. Əgər bu gün not bilməyən özünə bəstəkar deyirsə, o zaman mən şəstlə deyirəm: Mən Bəstəkaram.

- Artıq çox şeylər geridə qaldı. Özünüzü və bizi nə ilə təəccübləndirəcəksiz?

-  Bu il inşallah iki böyük işim olacaq. Biri Los-Anceles, o biri isə Türkiyə ilə bağlıdır. Mahnılarımın seçimi gedir. Sevinclə Çingizin "Gecikmiş çiçəklər" duetini dinləyicilərin ixtiyarına verdik. Bir də 3 ildən artıqdır Natavan Həbibinin oxumalı olduğu mahnının yolunu gözləyirəm. Etno-ərəb üslubunda olan bəstədir, şəxsən Natavan bəyənib, pulunu verib götürmüşdü. Niyə aqibəti belə oldu, hələ də sirrdir. Bir az da səbr edəcəyəm, əgər Natavan o mahnını oxumasa, məcburam başqa ifaçıya təqdim edim.

Röya da bir  mahnımı oxumalıydı. Amma deyəsən, kimlərsə mənim Röya ilə aramı vurmaq fikrinə düşüb. Çünki bir dəfə prodüser Tolik mənə zəng etdi ki, Seva xanım, niyə sizin aranızı Röya ilə vururlar? Siz mahnını Röyaya hədiyyə etmişdiz, amma ona 2000 manata deyirlər". Bu zəngə çox təəccübləndim. Axı necə ola bilər, mən həqiqətən mahnını hədiyyə etmişdim. Əminəm ki, Röya ilə bağlı düyünə düşmüş işim də açılacaq. Hazırda 3-4 mahnım var, intuisiyam deyir ki, "Əziz müəllimim" kimi onlar da hitə çevriləcək.