Zirəddin Rzayev: "Dedim ay Röya, kaş mənim proqnozum yalan çıxaydı..."

30 Aprel 2011 13:10
Məşhur ekstrasens, kliniki-psixoloq Zirəddin Rzayevlə sonuncu dəfə ötən ilin iyulunda Moskvada görüşmüşdük. Onunla budəfəki təmasımız telefon vasitəsiylə baş tutdu. Hər şeydən öncə, dünyanı ağuşuna almış təbii fəlakətlərin fonunda qarşıdakı illərdə Azərbaycanda ciddi problemlərin yaşanacağını proqnozlaşdırmadığını deyərək, bizə xeyli toxtaqlıq verəndən sonra dünyada baş verə biləcək hadisələrə və digər mövzulara dair suallarımızı da cavablandırdı.

- Sizinlə sonuncu dəfə ötən ilin yayında söhbətləşmişik. Ötən zaman kəsiyində şəxsi həyatınızda və işlərinizdə hansı yeniliklər baş verib?

- Şəxsi həyatımda ciddi dəyişikliklər baş verməyib. Ancaq işlərimlə bağlı müəyyən yeniliklər var. Belə ki, Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini filosof ixtisası üzrə bitirib diplomumu almışam.

Moskvadakı dövlət universitetlərinin birindən iş təklifi gəlib, məni ora fəlsəfə müəllimliyinə dəvət edirlər. İşlərim həddən artıq çoxdur, bəzən elə olur ki, çəkilişlərə də vaxt ayıra bilmirəm. Ancaq jurnalistlərin hamısına yox demək mümkün olmur. Elə dünən dar macalda iki kanalın çəkilişində iştirak etmişəm.

- Yəqin ki, həmin verilişlərin mövzusu ekstrasenslik fəaliyyətinizlə bağlı olur?

- Niyə ki? Bu yaxınlarda məni xeyriyyəçilik mövzusunda olan başqa bir verilişə də dəvət etmişdilər. Həmin verilişə üç ekspertdən biri kimi dəvət almışdım, çox uğurlu da alındı. Tamaşaçıların daha çox xoşuna gələn aparıcının mənə verdiyi "necə eləmək olar ki, imkanlılar, oliqarxlar, biznesmenlər, vəzifə adamları ümumiyyətlə, xeyriyyəçiliklə məşğul olsunlar" sualına cavabım olmuşdu. Mən bir psixoloq olaraq bu məsələdə ailə tərbiyəsinin və inancın mühüm rolu olduğunu bildirdim. Eyni zamanda əlavə etdim ki, müəyyən çətinliklər görən, həyatın qamçısını dadan insanlar da uğur əldə edəndən sonra daim başqalarına kömək etmək barədə düşünür, digərlərinin problemlərini daha yaxşı başa düşür. Bu vaxt verilişdəki ekspertlərdən biri ayağa durub dedi ki, "Zirəddinin bu frazasını ayaq üstə alqışlamaq lazımdır".

- Son vaxtlar istər cəmiyyətdə, istərsə də, rəsmi çevrələrdə II Qarabağ savaşının başlayacağı barədə söz-söhbətlər xeyli artıb. Sizcə, Qarabağda müharibənin başlamaq ehtimalı varmı?

- Mən Ermənistanla Azərbaycan arasında müharibənin başlayacağını görmürəm, xüsusilə də bu il üçün. Sadəcə olaraq, ilin ikinci yarısında Ermənistanla münasibətlər gərginləşə, müəyyən müddətə atəşkəsin pozulma halları müşahidə oluna bilər. Ancaq yenə də deyirəm, böyük müharibənin olacağını, qan töküləcəyini görmürəm. Ermənistanın özündə isə siyasi vəziyyət xeyli gərginləşəcək.

- Ərəb dünyasında baş verən siyasi təlatümlər və İranla bağlı nə deyə bilərsiniz?

- Doğrudur, ərəb ölkələrində baş verənlərin arxasında ABŞ və İsrailin dayandığını iddia edənlər var. Bu barədə deyilənlərin həqiqət olub-olmadığı barədə bir şey deyə bilmərəm. Ancaq hadisələrin axarı göstərir ki, çaxnaşmaların arxasında digər ölkələrin və qüvvələrin dayandığı artıq sirr hesab olunmur.

İranla bağlı sualınıza gəlincə, gələn il bu ölkədə ictimai asayiş kəskin pozulacaq, Tehranda partlayış olacağını görürəm. Ümumiyyətlə, qarşıdakı üç ildə - 2011-2013-cü illərdə İranı xoşməramlı olmayan ciddi dəyişikliklər gözləyir: siyasi rejimdə böyük yeniliklər ola bilər, hətta rejimin dəyişməsi də mümkündür.

- Müsahibələrin birində demişdiniz ki, Rusiyanın yüksəkçinli məmurlarının birindən Almaniyada neft axtarmaqla bağlı dəvət almısınız. Axırı nə oldu, getdinizmi neft axtarmağa?

- Əlbəttə ki, getmişdim, hər şey çox yaxşı oldu, nəticələr də ürəkaçandır, orada işlər hazırda da davam edir. Bu məsələdə pis olan budur ki, sifarişçilər özləri nəticələrin mətbuata açıqlanmasını istəmədilər, buna icazə vermədilər. Ancaq indinin özündə də onlara bir sıra məsləhətlər verirəm. Bu ilin fevralında isə neftlə bağlı tamamilə başqa şəxslərdən növbəti təklif almışam.

- Əvvəllər Bakıya gec-gec gələrdiniz, ancaq son vaxtlar səfərlərinizin sayı artıb. Bu nə ilə bağlıdır?

- Bu səfərlər bəzən şəxsi işlərimlə bağlı olur, yaxın dostlarımın, qohumlarımın toy şənliklərinə, digər tədbirlərinə qatılıram, bəzən anama baş çəkməyə gəlirəm, bəzənsə konkret dəvətlərim olur. Amma sizi inandırıram ki, Bakıya hər gəlişimdə məndən küsənlərin sayı da durmadan artır, görüşməyə imkanım olmayan bütün dostlar məndən gileylidirlər, küsülülük saxlayırlar.

- Xoşunuza gəlməsə də, deyəcəyəm. Bir neçə ay öncə kanalların birində qonağı olduğunuz verilişə baxanda məndə müəyyən şübhələr baş qaldırdı...

- Hansı şübhələrdən danışırsınız?

- Məsələn, mənə elə gəldi ki, siz aparıcının həyatı ilə bağlı həqiqəti deyə bilmədiniz, yəni cavab verməkdə çətinlik çəkdiniz sanki.

 - Xeyr, çətinlik çəkmədim, sadəcə olaraq, aparıcı mənə düzgün informasiya vermədi. Yadınıza gəlirsə, o məndən son üç ildə başının nəyə qarışdığını soruşdu. Mən də ona başının tale məsələsinə qarışdığını bildirdim və guya cavab onu qane eləmədi. Amma verilişdən sonra özü mənə etiraf etdi ki, son üç ildə öz istədiyi oğlan haqqında fikirləşirmiş. Yəni, hər ikisinin bir-birlərindən xoşu gəlir, aralarında sevgi münasibəti var. Mən də ona elə kadr arxasında dedim ki, bəs üç ildir başın sevgi işlərinə qarışıbsa, bu, tale məsələsi deyil? Razılaşıb dedi ki, sən haqlısan.

- Bunu yazmaq olar?

- Əlbəttə, mən həmin vaxt həmin aparıcının keçmişi ilə də bağlı onu təəccübləndirən çox şeylər demişdim. Məsələn, babasının ürək xəstəliyindən vəfat etməsini, iranəsilli olmasını, anasıyla dayısının münasibətlərində gərginlik yaşanmasını və s. faktları diqqətinə çatdıranda o sanki şoka düşmüşdü. Dediklərimi özündən də soruşa bilərsiniz.

- Mətbuatdakı gələcəklə bağlı açıqlamalarınızdan aydın görünür ki, proqnozlarınız çox bədbindir. Bu barədə bir qədər ətraflı danışa bilərsinizmi?

- Bilirsiniz, mən hələ "Bitva ekstrasensov" verilişinə çıxan zamandan özümə rəva görməmişəm ki, nəyisə yalandan danışım. Gördüyümü də, görmədiyimi də konkret demişəm. Yəni, gördüyümü ya dəqiq demişəm, ya da demişəm, bu, mənlik deyil...

- Bəlkə elə bu cəhətinizə görə, sizi digər ekstrasenslərdən fərqləndirirlər...

- Ola bilər, əgər siz fikir vermisinizsə, "Bitva ekstrasensov"un iştirakçısı və ya qalibi olmuş ekstrasenslərin hər biri yalnız keçmişi söyləyir, gələcək barəsində danışan yoxdur. Halbuki mümkündür, keçmiş barəsində sənə kimsə pıçıldasın, bəs gələcək, bax bu mümkün deyil. Mən də həmişə bu barədə öz-özümə hesabat verəndə görürəm ki, digər ekstrasenslərdən fərqləndirən cəhətlərdən biri gələcəklə bağlı verdiyim proqnozlar və onların təsdiqlənməsidir. Məsələn, Azərbaycanda müəmmalı qətl hadisəsinin baş verəcəyini iki ay qabaqcadan demişdim. Neft Akademiyasında baş verənləri nəzərdə tuturam. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılma tarixini dəqiqliyi ilə ay yarım öncədən xəbər vermişdim. Aygünlə Namiqin ayrılma tarixini, İranda bir neçə ay bundan qabaq baş vermiş zəlzələni, bütün Avropanı tüstüyə qərq edən İslandiyadakı vulkanı qabaqcadan demişdim. Belə misalların sayı olduqca çoxdur və insanların gözü qarşısında olub.

Bir məsələni də deyim, bunu hamı bilir ki, Röya mənim Azərbaycanda ən çox sevdiyim müğənnilərdən biridir. Ona çox böyük hörmətim var, səmimi dostluğumuz var. Mən bir dəfə proqnoz vermişdim ki, 2011-ci ildə Röyanı ana görmürəm. Ancaq bu proqnozumdan iki ay sonra Röya efirə çıxıb dedi ki, "mən hamiləyəm, ana olacam". Dedim ola bilsin, mən də bəşər övladıyam, səhv edə bilərəm. Amma Röya özü bu yaxınlarda Moskvaya konsertə gələndə görüşüb söhbətləşdik. Söhbət əsnasında məndən soruşdu ki, "Zirəddin, axı sən mənə 2011-ci ildə ana olmayacağamı demişdin". Mən də Röyadan üzrxahlıq elədim, dedim bağışla, sənin barəndə belə bir söz demişəm, ola bilsin yanılmışam. Röya isə qayıdıb dedi ki, "sənin xəbərin var, mənim hamiləliyim alınmadı". Bu xəbərdən çox üzüldüm, dedim "ay Röya, kaş mənim proqnozum yalan çıxaydı, təki sən dünyaya övlad gətirərdin".

Dünyada baş verəcək hadisələrlə bağlı proqnozlarıma gəlincə, yanılmadığımın zənnindəyəm. Bir daha təkrar edirəm ki, təbiət öz şıltaqlıqları ilə insanları hələ xeyli qorxudacaq, Sakit Okean çox təlatümlü olacaq. Yer kürəsi insanın ovcunun içində olan ürək kimi çırpınacaq. Bu dediklərimin bir qismi Yaponiyada baş verən zəlzələ və sunami ilə öz təsdiqini tapıb. Axı mən Yaponiyada zəlzələ gördüyümü demişdim. Amma 2012-ci ilin axırlarına kimi Venesuela, Braziliya, Kolumbiya, Argentina və Çilidə də təbii fəlakətlərin, Şimali Amerikanın cənubunda isə qasırğanın olacağını görürəm, Cənubi Amerikada kəskin təbii dəyişikliklər baş verəcək. Bu görüntüləri izah edə bilməsəm də, Şimali Amerikanın cənubunda qırmızı işıq, Fransada, Monqolustanda, Pakistanda, Türkiyədə qarışıqlıqlar görürəm...

"Ekspress" qəzeti