Zilhiccə ayı – ilin ən fəzilətli aylarındandır

3 Sentyabr 2016 22:05

Zilhiccə ayı bəndənin özünü tərbiyə etməsi üçün ən mühüm aylardan biri saylır. Bu, dua, münacat və Allaha yaxınlaşmaq ayıdır. Bu mübarək ayda bir ildə gedə biləcəyimiz yolu bir ayda gedə bilərik.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Zilhiccə ayı - qəməri ilinin son ayıdır. Allah Təala Qurani-Kərimdə bu ayın gecələrinə and içərək buyurur: "And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına), Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə)". ("Fəcr" 1-2).
Bu ayələr həmin ayın nə qədər əhəmiyyətli və bərəkətli olduğundan xəbər verir.
Allah Təala başqa bir ayədə buyurur: "Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı - dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin". ("Həcc" 28).
Bu ayələrdən də göründüyü kimi, Zilhiccə ayının ilk on gününün fəziləti daha çoxdur. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, bu əyyamda edilən ibadətlərin fəziləti başqa aylarda edilən ibadətlərdən daha çoxdur. Bu, elə bir aydır ki, burada Ərəfə günü vardır, burada İslam dininin iki böyük bayramından biri olan Qurban bayramı vardır. İmam Hüseynin (ə) Ərəfatda oxuduğu fəzilətli dua vardır. Ona görə də yaxşı olar ki, möminlər bu ayın mənəvi fəzasından qafil olmasınlar və nəfslərini tərbiyə etmək üçün bu ayın fəzilətlərindən bəhrələnsinlər.
Bu ayın ilk on gününün əməlləri.
İmam Sadiq (ə) buyurur: "Atam İmam Baqir (ə) mənə buyurdu: "Oğlum! Zilhiccə ayının ilk on günündə hər gecə məğrib və işa namazları arasında bu iki rükət namazı tərk etmə: Hər rükətdə "Həmd" və "Tövhid"i oxuyursan. Ondan sonra "Əraf" surəsinin 142-ci ayəsini oxuyursan. Əgər belə etsən, hacıların savabında və həcc əməlində şərik olarsan"".
İmam Kazım (ə) buyurur: "Hər kim Zilhiccə ayının ilk doqquz gününü oruc tutarsa, Allah bütün ömrünün oruc savabını onun üçün yazar".
İmam Baqir (ə) Həzrət İsaya (ə) Cəbrayil (ə) vasitəsilə nazil olan beş duanı oxumağı tövsiyə etmişdir. Əllamə Məclisi buyurur ki, bu dualardan hər birini hər gün on dəfə oxumağın böyük əcri vardır. Əgər yüz dəfə oxuya bilsəniz, fəziləti daha çox olar.
Əmirəl-möminindən (ə) nəql edilən bu duanı da on dəfə oxumaq fəzilətlidir.
لا اِلهَ اِلاَّ اللهُ عَدَدَ الّلَیالى وَالدُّهُورِ، لا اِلهَ اِلاَّ اللهُ عَدَدَ اَمْواجِ الْبُحُورِ،
لااِلهَ اِلاَّ اللهُ وَرَحْمَتُهُ خَیْرٌ مِمّا یَجْمَعُونَ، لا اِلهَ اِلاَّ اللهُ عَدَدَ الشَّوْکِ وَالشَّجَرِ،
لا اِلهَ اِلاَّ اللهُ عَدَدَ الشَّعْرِ وَالْوَبَرِ، لا اِلهَ اِلاَّ اللهُ عَدَدَ الْحَجَرِ وَالْمَدَرِ،
لا اِلهَ اِلاَّ اللهُ عَدَدَ لَمْحِ الْعُیُونِ،
لا اِلهَ اِلاَّ اللهُ فِى اللَّیْلِ اِذاعَسْعَسَ، وَالصُّبْحِ اِذا تَنَفَّسَ،
لا اِلـهَ اِلاَّ اللهُ عَدَدَ الرِّیاحِ فِى الْبَرارى وَالصُّخُـورِ،
لا اِلـهَ اِلاَّ اللهُ مِـنَ الْیَـوْمِ اِلـى یَـوْمِ یُنْفَخُ فِى الصُّورِ
Zilhiccə ayının ilk gününün əməlləri.
1. Oruc tutmaq.
2. Həzrət Fatimənin (s.ə) namazını qılmaq.
3. Zöhrdən yarım saat əvvəl iki rükət namaz qılmaq. Hər rükətdə bir dəfə "Həmd" və on dəfə "Tövhid", on dəfə "Ayətül-kürsü", on dəfə "Qədr" surəsini oxumaq.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Hər kim "Fəcr" surəsini Zihiccə ayının ilk on günündə oxuyarsa, günahları bağışlanar. Əgər bu əyyamdan qeyrisində oxuyarsa, Qiyamət günü nuranilik mənbəyinə çevrilər".

Milli.Az