Qısa telefon xəttinin uzanmış problemi - YENİLƏNİB - FOTO

1 Sentyabr 2016 14:49

14:49

Günün ikinci yarısında Lənkəran Telekommunikasiya Qovşağının rəisi Şahlar İsmayılov Milli.Az-a bildirib ki, əraziyə baxış keçirilib və problemin həlli yolu müəyyən edilib:

"Artıq sahə rəisi tərəfindən əraziyə baxış keçirilib, telefon xəttinin keçdiyi yer müayinə olunub. Məlum olub ki, problemi həll etmək üçün ərazidə əlavə telefon dirəyi qoyulmalıdır. Bunun isə abunəçiyə heç bir aidiyyatı yoxdur. Tapşırıq vermişəm, sabah məsələ həll olunacaq".

--------

13:28

Lənkəran rayonu Səpnəkəran kənd sakini Səfalı Qənbərov Milli.Az-a müraciət edərək rabitə sistemində rastlaşdıqları süründürməçilikdən şikayətlənib.

Onun sözlərinə görə, vaxtilə kənddə onların da evi daxil olmaqla iki qonşunun telefon xətti bir telefon dirəyindən çəkilib, özü də bir qonşunun telefon xətti digərinin, yəni onların evinin damının içindən keçməklə. Ev anası Nəzakət Qənbərovanın, telefon isə nənəsi Tamilla Məmmədovanın adınadır.

Şikayətçi bildirib ki, ev artıq köhnəlib, damın taxtaları çürüyüb və yağış yağanda su damır. Ona görə də bu il damı təmir etmək istəyirmişlər. Amma dam sökülsə, qonşunun telefon xətti də kəsiləcəyindən bunu edə bilməyiblər. Problemi aradan qaldırmaq üçün müraciət etdikləri müvafiq qurumlar isə hər şeyi qulaqardına vururdular:

"Kənddə telefon sisteminə cavabdeh şəxsləri çağırdıq, gəlib baxdılar, getdilər, heç nə etmədilər. Sadəcə dedilər ki, əlavə telefon dirəyi qoyulmalıdır. Biz də dedik ki, gətirib qoyun. Qoymadılar. Onda dedilər ki, xətti kəsin atın. Biz də bunu etmədik. Kəssəydik, qonşu telefonsuz qalacaqdı. Axı niyə xətti kəsməliyik?

Üstündən bir həftə keçdi, bununla əlaqədar Lənkəran Rayon Telefon Qovşağına yazılı müraciət etdik. Dedilər ki, məsələdən xəbərimiz var. Amma onlar da heç bir tədbir görmədilər. Daha sonra bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "qaynar xətt"inə bildirmişik. Onlardan da bu vaxta kimi heç bir səs-səmir çıxmayıb. Beləcə günlər keçir, payız da gəlib. Lənkəranda da yağışlar tez başlayır. Yağış yağsa, yenə evin içinə damacaq. Səbəb isə odur ki, kimlərsə görməli olduğu adi bir işə səhlənkarcasına yanaşır".

Məsələ ilə əlaqədar Telekommunikasiya Qovşağının rəisi Şahlar İsmayılov ilə əlaqə saxladıq. Ş.İsmayılov Milli.Az-a bildirdi ki, məsələ tezliklə həllini tapacaq. Sadəcə hər şey elə-belə yox, qayda-qanunla müəyyən edilmiş prosedur əsasında edilməlidir:

"Mövcud vəziyyətdəki rabitə və xətt təsərrüfatının dəyişdirilməsi üçün əvvəlcə smeta tərtib olunur. Qaydaya görə, kabelin və ya magistralının dəyişdirilməsi üçün mütləq smeta tərtib olunmalıdır və smetanın dəyəri də abunəçi tərəfindən ödənilməlidir. İndiki halda smetanın dəyərinin kim tərəfindən ödənilməsi məsələsi ilə bağlı qərar həmin yerin müayinəsindən sonra veriləcək. Bu məqsədlə sahə rəisi günün sonunadək tərəfimizdən ora göndəriləcək və məsələ tezliklə həllini tapacaq".

İlkin İzzət

Milli.Az