Azərbaycanda istehsal kooperativləri yarana bilər

30 Aprel 2011 10:16
Ölkənin qərb bölgəsində əksər kəndlilər kiçik həcmli pay torpaqlarını əkib-becərmir. Fermerlər deyirlər ki, kiçik sahələrə çəkilən zəhmət səmərə vermir, az qazanclı olur. Fermer Nəriman Məmmədov deyir ki, az həcmli torpaqların münbitliyini də bərpa etmək olmur. Kiçik torpağın böyük bəlası... Nəriman Məmmədov: "Kiçik sahələri davamlı əkib-becərəndə torpaqlar strukturunu, münbitliyini itirir. Torpağı dincə qoymaq olmur. Bundan başqa, deyək ki, 300 metr aralıda olan torpağa suvarma işləri aparmaq lazımdırsa, su ora gedənə qədər itir və ya suvarılmamalı olan sahələrə də düşür və sahəni korlayır". Nəriman Məmmədov deyir ki, bir neçə kəndlinin pay torpağını icarəyə götürərək özünün kiçik sahələrinə birləşdirib, hazırda əkib-becərir. Amma deyir ki, belə olan halda xərc icarəçinin üstünə düşür. Kooperativlər olarsa, həm xərclər birgə çəkilər, həm də gəlirlər bölünər.

Elə Göygöl rayonunda şəxsi təsərrüfat sahibi Aydın Cəfərov da deyir ki, istehsal kooperativlərinin yaradılması təsərrüfat sahəsində canlanma yaradacaq. İllərdir becərilməyən torpaqlar istifadə olunacaq: Qərb bölgəsində torpaqların 50 faizi istifadəsiz... Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, hazırda bölgədə 50 faizədək torpaqlar becərilə bilmir. Çünki hər bir kəndlinin cəmi 2-3 hektar pay torpaq sahəsi var. Onun fikrincə, bu sahələrdə taxıl əkmək əlverişli deyil.

Fermer taxıl əksə belə, onun kombaynla biçini xeyli miqdarda vəsait tələb edir. Əldə edilən gəlir də heç xərcləri ödəmir: "Əkin sahələrinin kiçik hektarlarla istifadəsi səmərəli deyil. Nə ziyanvericilərə qarşı mübarizə aparmaq mümkündür, nə yeni texnologiyalar gətirmək, nə də normal suvarma sistemi qurmaq. Amma pay torpaqları birgə istifadə olunarsa, böyük inkişaf nəzərə çarpar. İstifadəsiz torpaq qalmaz. Hazırda isə bölgədə istifadə olunmayan torpaqlar təxminən 50 faiz təşkil edir. Elə Samux rayonunda 22 min hektar torpaq istifadə olunmur. Orda kooperativlər yoxdur deyə artıq xərc gedir".

Ziyad Abbasovun deməsinə görə, istehsal kooperativləri zamanı müasir texnologiyalardan istifadə ediləcək. Məsələn, süni yağış yağdırma üsulu tətbiq ediləcək ki, bu da sahələrə sərf edilən suya bir neçə dəfə qənaət edəcək. "Burda köhnə kolxozlar bərpa olunmur" "Biz taxılı gün ərzində 4 dəfə sulaya bilmirik, bu da məhsuldarlığın kəskin düşməsinə səbəb olur. Niyə Avropa hər sahədən 70-80 sentner götürür, biz 20-30 sentner? Yəni bunu iki dəfə artırmaq olar. Pambıq, taxıl, yemçilik böyük sahələrdə olmalıdır. Əhali maariflənməlidir ki, burda köhnə kolxozlar bərpa olunmur. Yeni istehsal kooperativləri geniş sahədə torpağın, suyun səmərəli istifadəsi, gəlirin artırılması üçündur".

Qərb bölgəsinin fermerləri və kənd təsərrüfatı idarələri birləşərək 2008-ci ildə KTN-ə istehsal kooperativləri ilə bağlı təklif göndəriblər. Ziyad Abbasovun bildirdiyinə görə, ilk vaxtlar nazirlik təklifi tam bəyənməyib ki, guya bu köhnə kolxoz sistemini xatırladır. Amma indi münasibət dəyişib. KTN mətbuat katibi Murtuzəli Hacıyev də deyir ki, kooperativlərin yaradılması təsərrüfatlara səmərə verəcək. Müvafiq qanun layihəsi isə... 2013-cü ilə hazırlana bilər.

"Ayna" qəzeti