Brenda Şafer: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində həqiqətən maraqlıdır”
29 Aprel 2011 14:40
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə, Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsi lazımdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda təşkil etdiyi "dəyirmi masa"da Hayfa Universitetinin professoru Brenda Şafer bildirib.
"Lakin Dağlıq Qarabağ münaqişəsi kontekstində ABŞ və Rusiyanın qarşılıqlı münasibətlərini, eləcə də Rusiyanın kömək etmək istəyini qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, region ölkələrinin daxili vəziyyətinə təsir etmək imkanına malik Moskva regionda əsas oyunçulardan biridir", - Şafer bildirib. Onun sözlərinə görə, ABŞ özünün iqtisadi maraqları üçün zəngin enerji resurslarına malik, eləcə də, Avropaya karbohidrogenlərin nəqli yollarının keçdiyi regiondakı bu münaqişənin həllində həqiqətən maraqlıdır.
Ekspertin sözlərinə görə, lakin bu münaqişə ilə bağlı çoxlu suallar meydana çıxır. "Əsas məqamlardan biri odur ki, ABŞ Konqresinin Dağlıq Qarabağa ayırdığı pullardan qətiyyən əhalinin ehtiyacları üçün istifadə olunmaması mümkündür", - o deyib.
Milli.Az