Sərnişin avtobusları və yük avtomobilləri Azərbaycan-Rusiya sərhədində qalıb
29 Aprel 2011 13:58
Azərbaycanın Qusar rayonunda, Rusiya ilə sərhəddə yerləşən Samur keçid məntəqəsində tıxac yaranıb. ANS PRESS-in məlumatına görə, Azərbaycandan Rusiya Federasiyasına keçmək istəyən sərnişin avtobusları və yük avtomobilləri Samur keçid məntəqəsindən keçsələr də, dünən axşamdan Dağıstan Respublikasının sərhədindən buraxılmırlar. Buna səbəb kimi isə qarşı tərəfdəki gömrük-keçid məntəqəsində yoxlamaların aparılması bildirilir.
Hazırda Azərbaycandan Rusiyaya keçmək istəyən 10-a yaxın avtobus və yük maşını dünəndən sərhəddə növbə gözləyir. Bununla belə, piyadaların gediş-gəlişi normal qaydada həyata keçirilir. Rusiyadan Azərbaycana gələn vətəndaşların isə keçidinə heç bir maneə yaradılmır.
Xatırladaq ki, adıçəkilən məntəqədə aprelin 21-də də anoloji hal qeydə alınmışdı.
Milli.Az