Vergilər Nazirliyi: “Fiziki şəxslər müxtəlif üsullarla vergidən yayınmağa çalışırlar”
28 Aprel 2011 17:19
Bunu APA-ya açıqlamasında Vergilər Nazirliyinin Baş İdarə rəisi Zaur Fətizadə bildirib. Xatırladaq ki, 2009-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə fiziki şəxslərdən gəlir vergisinin maksimal məbləği 35%-dən 30%-ə endirilib.
Baş İdarə rəisinin sözlərinə görə, hazırda Nazirlik vergi bazasının gözlənilən artımın baş verməsinin səbəblərini araşdırır: "Bütün iqtisadi qanunauyğunluqlara görə, vergilərin aşağı salınması vergi ödəyicilərini vergiləri ödəməyə həvəsləndirməli və vergitutma bazasının genişlənməsinə səbəb olmalı idi. Lakin bu baş verməyib".
Z.Fətizadə bildirib ki, 2010-cu ildə fiziki şəxslərdən gəlir vergisi üzrə proqnozun icra olunmamasının (kəsir - 10%) bir səbəbi də budur: "Adamlar vergi ödəmir, gəlirlərini göstərmirlər. Bildirirlər ki, işçiləri yaxın adamlarıdır və onlar pulsuz işləyir". Nəticədə, təqribi qiymətləndirmələrə görə, hazırda gəlir vergisinə cəlb oluna bilən məbləğin təqribən 30-40%-i vergidən yayındırılır.
Milli.Az