Ermənistan Avropa Gənc Alimlər Şurasından qovuldu

28 Aprel 2011 13:34
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin prezidenti, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi ilə nümayəndə heyəti Vilnüs şəhərində Avropa Gənc Alimlər Şurasının (Eurodoc) Baş Assambleyasının illik yığıncağında iştirak edib. Gənclər və İdman Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata görə, tədbirdə Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviç, Gənc Alimlər Birliyinin prezidenti Piotras Cimmperman və Avropa Gənc Alimlər Şurasının prezidenti xanım İzabella Stanislaviç çıxış ediblər.

2011-ci il üçün Şuraya üzvlüklə bağlı məsələlər müzakirə edilib. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təqdimatı olub. Təqdimatda Azərbaycanda elmin vəziyyəti və həyata keçirilən islahatlar, Azərbaycan Milli Elmlər Akademiyası, gənclərlə iş sahəsində görülən işlər, Gənclər və İdman Nazirliyi, gənc alimlərlə bağlı dövlət siyasəti haqqında məlumat verilib.

Azərbaycan Respublikasının Şuraya üzvlüyü səsə qoyulub və yekdilliklə qəbul edilib.

Ermənistanı qurumda təmsil edən Ekososium təşkilatının son beş il ərzində fəaliyyətsizliyi səbəbindən bu ölkə böyük səs çoxluğu ilə qurumdan xaric edilib.

Şuranın Nizamnaməsinə bəzi dəyişikliklər edilib, Fransa Gənc Alimlər Konfederasiyasının rəhbəri Lüdovik Garattini Avropa Gənc Alimlər Şurasının yeni prezidenti seçilib.

Milli.Az