BMT-nin Azərbaycandakı nümayəndəsi Naxçıvandadır - FOTO

28 Aprel 2011 13:06
Ali Məclisin sədri deyib ki, Azərbaycan bu quruma 1992-ci ildə daxil olub. Həmin ilin martından ölkəmizin BMT-də nümayəndəliyi, 1993-cü ildən təşkilatın Azərbaycanda nümayəndəliyi fəaliyyətə başlayıb. 1993-2011-ci illər ərzində nümayəndəlikdən müxtəlif təyinatlı proqramlar üzrə Naxçıvana səfərlər olub.

BMT tərəfindən ölkəmizdə reallaşdırılan proqramların Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da həyata keçirildiyini vurğulayan sədr deyib ki, BMT-nin İnkişaf, eləcə də İnsan Hüquqları Komitəsinin din və əqidə azadlığı üzrə proqramlarında, Azərbaycan Kənd İnvestisiya Layihəsində, Dünya Bankının həyata keçirdiyi proqramlarda Naxçıvan Muxtar Respublikası iştirak edir: "2010-cu ilin iyun ayında Naxçıvanda Azərbaycan Kənd İnvestisiya Layihəsinin xətti ilə "Zonalararası qarşılıqlı görüşlər" sessiyası keçirilib. Ötən illər ərzində Birləşmiş Millətlər Təşkilatının muxtar respublika ilə əlaqələri çox məhsuldar olmuş, burada həyata keçirilən proqramlar uğurla nəticələnib".

Ali Məclisin sədri BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə əlaqələrdən razılığını, əslən türk olan Fikrət Akçuranın bu vəzifəyə təyin olunmasından məmnunluğunu bildirib: "Sizin Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə rezident - əlaqələndiricisi təyin olunmağımız Azərbaycanla bu təşkilat arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, həyata keçirilən proqramların uğurlu olmasına şərait yaradacaq".

Fikrət Akçura deyib ki, Azərbaycan sürətlə inkişaf edən bir ölkədir: "Birləşmiş Millətlər Təşkilatının xidmət etdiyi əsasən zəif inkişaf edən ölkələrdir. Bu baxımdan Azərbaycan kimi sürətlə inkişaf edən, müasirləşən ölkədə fəaliyyət göstərmək mənim üçün çox rahatdır. Azərbaycan çox çətin günlər yaşayıb. Ancaq Heydər Əliyevin səyi nəticəsində ölkə iqtisadi cəhətdən güclənmiş, buradakı problemlər öz həllini tapıb. Ümid edirik ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunacaq, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar".

Qonaq ikigünlük səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olacaq.

AzərTAc