Azərbaycan Rio-2016-da ilk qızıl medalını qazandı! - YENİLƏNİB - VİDEO - FOTO

21 Avqust 2016 08:03

21.08.2016

08:03

Taekvondoçumuz Radik İsayev finalda Niger təmsilçisi Əbdülrazaka İssufu Alfaqa üzərində qələbə qazanaraq Yay Olimpiya Oyunlarında qızıl medal əldə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hal-hazırda Azərbaycan yığmasının hesabında on beş medal var: 1 qızıl, 4 gümüş, 10 bürünc.

Qeyd edək ki, bu Azərbaycanın Rio-2016-da qazandığı ilk qızıl medaldır.

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan Rio-2016-da ilk qızıl medalını qazandı!

----------

01.30

Radik İsayev finala gedən yolda britaniyalı Mahama Ço ilə döyüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə də inamlı təsir bağışlayan taekvondoçumuz rəqibinə qalib gələrək finala yüksəlib - 4:1.

Finalda onun rəqibi Niger idmançısı İssufu Abdulrazak olacaq.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Olimpiadada bu idman növü üzrə finalda təmsil olunacaq.

---------

00:17

Taekvondoçumuz dörddəbir final mərhələsində gərgin keçən görüşdə Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqmini 12:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Yarımfinalda təmsilçimiz Radik İsayev iranlı Sajjad Mardani - böyük britaniyalı Mahama Ço qarşılaşmasının qalibi ilə döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 00:45-də başlayacaq.

----------------

20.08.2016

23:12

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində  son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.
 
+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.
 
Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə gücünü yoxlayacaq. Görüş 23:45-də start götürəcək.
 
Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.

20:11

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarındakı taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, "Bakı-2015"in qalibi, dünya və Avropa çempionu Radik İsayevin ilk çıxışı uğurlu olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turnirdə 80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Radik İsayev səkkizdəbir final mərhələsindəki ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb.

Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən milli komandamızın üzvü R.İsayev dörddəbir final mərhələsinə adlayıb.

Qeyd edək ki, "Rio-2016"dakı taekvondo yarışlarının üçüncü günündə qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Milli.Az